14:53 24-04-2020
news_image
286
FUTBOL

"Premyer Liqanın daha tez bitməsinə hesablanan reqlament üzərində işləyirik" - PFL rəsmisi

"AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və PFL prezidenti Ramin Musayev klub rəhbərləri ilə hər gün əlaqə saxlayır. Hətta gün ərzində bir neçə dəfə danışıq olur".

Bunu apasport.az saytına Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev deyib.

Qurum rəsmisi koronavirus pandemiyası ilə əlaqədar dayandırılan Azərbaycan Premyer Liqasının bərpa müddətinin hələ məlum olmadığını söyləyib. O, bütün bunların mayın 4-də Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərardan sonra müzakirəyə çıxarılacağını bildirib: "UEFA-da verilən qərarlar klub rəhbərləri ilə müzakirə olunur, onlar da baş məşqçilərini məlumatlandırırlar. Hazırda mayın 4-nü - karantin rejiminin bitmə gününü gözləyirik. Əgər karantin rejimi uzadılmasa, ondan sonra klublarla müzakirələr aparacağıq. Operativ Qərargahın qərarına uyğun addım atılacaq. Bu üzdən çempionatın nə zaman bərpa olunacağı bələ bilinmir".

Şahgəldiyev Premyer Liqada cari mövsümün bundan sonrakı dönəmi ilə bağlı klublara təkliflər verdiklərini də əlavə edib: "Özümüzün bəzi təkliflərimiz var ki, bunu klubların müzakirəsinə buraxmışıq. Əgər çempionat bərpa olunsa və klublar təkliflərimizi müsbət cavablasa, həmin plan üzrə mövsüm davam edəcək. Qəbul olunmuş təklif olmadığı üçün bunu açıqlamağa icazə vermirlər. Yalnız onu deyə bilərəm ki, bu, çempionatın daha tez bitməsinə hesablanıb. Başqa reqlamentlər üzərində işləyirik".

UEFA İcraiyyə Komitəsinin dünən keçirilən iclasından sonra milli çempionatların pley-off və ya mini-turnir şəklində bitirilməsinə imkan verilib. Lakin PFL rəsmisi buna ehtiyaclarının olacağını zənn etmir: "Əslində, bizim buna ehtiyacımız yoxdur. Çünki cəmi 8 turumuz qalıb. Sadəcə, reqlamentlə bağlı başqa məsələlər var. Biz də klubların təklifimizə cavablarını gözləyirik".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında mübarizə XX turdan sonra dayandırılıb.