12:05 25-04-2020
news_image
267
FUTBOL

"Küçədə də birlikdə oynamağı sevirik" - "Sabah"ın futbolçusu

"Həm Niderland, həm də Türkiyə Futbol Federasiyası Orkunu istəyir. U-19-a qədər Niderland yığmasında oynayıb. Hazırda isə Türkiyənin U-21 komandasındadır".

Bunu apasport.az saytına 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü qardaşı Orkun Kökçü haqda danışarkən deyib.

"Sabah"ın oyunçusu "Feyenoord"un formasını geyinən kiçik qardaşının əsas milli seçimini hələ etmədiyini söyləyib. Ozan qardaşının Azərbaycan yığmasında oynamaq variantını da dəyərləndirib: "Orkun hələ əsas millidə çıxış etməyib. Yekun qərarı özü verəcək. Azərbaycan yığmasını seçməsi üçün ona təzyiq etmərəm. Özünü harada xoşbəxt hiss edəcəksə, oranı seçəcək. Bu, Niderland, Türkiyə və ya Azərbaycan ola bilər".

22 yaşlı Ozan özündən 2 yaş kiçik olan Orkunla eyni komandada oynamaq arzusunda olduğunu da gizlətməyib: "Həm onun, həm də mənim yekun seçimim hələ bəlli deyil. Əlbəttə ki, millidə və ya klubda birlikdə oynamaq istəyərik. Uşaqlıqdan xəyalımız birlikdə oynamaq olub. Biz hətta küçədə də birlikdə oynamağı sevirik".

Qeyd edək ki, Ozan Can Kökçü 2017-ci ildən aşağı yaş qrupu üzrə yığmalarımızda oynayıb. Niderlandın U-18 və U-19 komandasında çıxış etmiş Orkun Kökçü isə hazırda Türkiyənin U-21 yığmasının üzvüdür.