12:54 25-04-2020
news_image
630
FUTBOL

Son dayanacaq - yalnız bizdə

Azərbaycan çempionatları tarixinin coğrafiyasına nəzərdən keçirən “Apasport” Cənubi Amerika səyahətini başa vurur. Materikin şimalına doğru irəlilədikcə, Premyer Liqa ilə bağlılıq daha da azalır. Söhbət Kolumbiya, Venesuela və özü Cənubi Amerikada yerləşib, KONMEBOL deyil, KONKAKAF-a daxil olan Surinamdan gedir. Bu üç ölkə Azərbaycan çempionatında vur-tut 7 oyunçu ilə təmsil olunub. Onların da hamısı mövsümlük futbolçulardır. Hətta bəziləri heç ölkəmizdəki yeganə mövsümü belə tam keçirməyib.

Çempionluqda pay sahibi
Azərbaycana gələn ilk kolumbiyalı Xorxe Diasdır. 2006/07 mövsümündə “Xəzər Lənkəran”ın heyətində çıxış edən futbolçu 10 oyunda vurduğu iki qolla komandasının çempionluq və kubok qazanmasında pay sahibi olub. Lakin daha çox ehtiyatda qalan hücumçunun Azərbaycan karyerası qısamüddətli alınıb. Bəzi mənbələr onun braziliyalı komanda yoldaşı Rodiro Salesi də kolumbiyalı kimi qələmə versə də, sonuncu sambaçıdır.
Təxminən 4 il sonra “Bakı” da peyda olan Cefferson Anqulo da heç nəylə yadda qalmayıb. 2014/15 mövsümündə AZAL, üç il sonra “Neftçi”nin yolu bu ölkəyə düşüb. Lakin Karlos Valderammanın Azərbaycana gələn həmyerliləri futbolçudan çox turistə bənzəyib. Bu paytaxt təmsilçiləri Con Kordoba və Mayk Kampazı tezliklə vətəninə göndərib.

Paytaxtın qonaqları və Qullitin həmyerlisi
Venesuelanın ilk təmsilçisi 2016-cı ildə Premyer Liqada debüt edib. Edson Kastilyo “Neftçi”nin heyətində möhkənlənsə də, bu, yalnız bir mövsümü əhatə edib. İki ildən sonra “Keşlə”yə gələn Angelo Penanı isə ara-sıra meydanlarda görən olub. 2017-ci ilin yayında ekzotik səslənən Surinam da Premyer Liqamıza oyunçu bəxş edib. Dion Malone “Qəbələ”də peyda olub. Surinam köklü Ruud Qullit və Frank Raykaard kimi hollandiyalı ulduzların tarixi vətənindən gələn futbolçu bəzi cənubi amerikalılar qədər uğursuz olmasa da, bir mövsümdən artıq duruş gətirə bilməyib.

Kolumbiya

Xorxe Dias

10

2

Con Kordoba

8

0

Cefersson Anqulo

7

0

Mayk Kampaz

3

0

Venesuela

Edson Kastilyo

20

0

Angelo Pena

8

0

Surinam

Dion Malone

18

0

Ən yaxşı cənubi amerikalılar
Azərbaycan Premyer Liqasındakı cənubi amerikalılar barədə yekunda onu demək olar ki, indiyədək 10 ölkənin 147 təmsilçisi çempionatımızda forma geyinib. Digər iki ölkəsi – Ekvador və KONKAKAF üzvü olan Qayana Premyer Liqada təmsil olunmayıb. Cənubi amerikalılar ümumilikdə 805 qol vurub: Braziliya 565, Argentina 78, Uruqvay 63, Çili 49, Paraqvay 40, Boliviya 8, Kolumbiya 2. Peru, Venesuela və Surinamdan olanlar isə hələ fərqlənməyib.

Materikin Azərbaycanda ən çox oyun keçirən nümayəndələri braziliyalılardır. Denis Silva 271, Riçard Almeyda 189, Fabio Luis Ramim 149 matça çıxıb. Paraqvaylı Erik Ramos 148 oyunla 4-cüdürsə, ilk “beşliy”i daha bir sambaçı Junivan Suares qapayır – 139.

Ən məhsuldar oyunçular sırasında isə Reynaldo Silva və Riçard Almeyda hərəyə 44, Leandro Qomeş 41, Junivan Suares 40 dəfə qol sevinci yaşayıb. Sonuncuya argentinalı Fernando Peres şərikdir. Çilili Nikolas Kanalesin 38 qolu var. Daha üç cənubi amerikalı 30 və ya daha çox topa imza atıb. Braziliyalılar Junior Nildo 37, Flavinyo 31, uruqvaylı Valter Quqlemon 30 dəfə fərqlənib.