13:29 27-04-2020
news_image
4810
STOLÜSTÜ OYUNLAR

Özünə qalib gələn insan – Rauf Məmmədovla bağlı çoxunun bilmədiyi sirlər

“Azərbaycanın ən güclü qrossmeysterlərindən biri Rauf Məmmədov barədə əfsanələr qoşmaq olar. O, bütün dünyanın ən parlaq şahmat istedadlarından biridir”.

Apasport.az saytının məlumatına görə, bu fikirlər rusiyalı şahmat meneceri Kirill Zanqelisə məxsusdur.

O, Azərbaycan şahmatçısı Rauf Məmmədov barədə yazısında qrossmeysterimiz barədə fikirlərini bölüşüb: “Amma Rauf həyatın digər məqamlarını da tez dadıb. Çox ziyalı ailədə tərbiyə alsa da, bilmirəm necə olub ki, siqaret, içki və azartlı oyunlara çox tez başlayıb. Onun öz etirafına görə, hələ uşaq bağçasında siqaret çəkib. Yeniyetmə Rauf 15 yaşında mükafatın bir pivə çəlləyi olduğu turnirdə qalib gəlib. Hələ o yaşdaykən Raufçik nümayişkaranə şəkildə çəlləyi boşaldıb. Onun barədə o qədər söhbətlər gəzir ki, bunlardan kitab yazmaq olar”.

Zanqelis Rusiya Şahmat Federasiyasındakı yazısında Raufla ilk tanışlığını da xatırlayıb: “Biz 2012-ci ildə İstanbuldakı Şahmat Olimpiadasında tanış olduq. Mən böyük şahmatda öz yoluma yeni başlamışdım, Rauf isə təcrübəli döyüşçü idi. Ziyafət zamanı əlində badə olan Məmmədov yanımızdan keçib öz tərzində danışırdı: “Yox, siz təsəvvür edə bilərsinizmi ki, kapitan ardıcıl yeddi dəfə məni qara fiqurlarla oyuna qoydu! Yeddi!”. Biz tanış olmaya bilməzdik və həmin vaxtdan ayrılmaz dost olduq. 2014-cü ildə İddiaçılar Turnirində Xantı-Mansiysk buzlarında ölür, Tromse-2014 Olimpiadasında Norveç “fyord”larını fəth edir, 2015-ci ildə Bakıdakı Dünya Kubokunda “Liman” kafesinin altını üstünə çevirirdik. Son 8 ildə Rauf mənə qardaş kimi oldu. Hər şey çox şən və qayğısız idi, içkili və dadlı idi, yalnız dostumun nəticələri yerində qalmışdı. Yalnız çəkisi artırdı, amma şahmat dünyasında deyil. Onun 170 sm boy ilə adi çəkisində 100 kiloqramdan artıq yığmışdı”.

Qrossmeyster Raufun onunla evlilik barədə etirafını da yada salıb: “2016-cl il iyunun 11-də sonuncu damla alkoqolumu içdim (məni onunla vidalaşmağa çəkənin nə olmasa barədə ayrı söhbət olacaq). Mən 30 kiloqram çəki atdım, idmanla məşğul oldum və öz sabiq “dostlarım”a, daha doğrusu içki yoldaşlarıma maraqlı olmadım. Amma Raufla əvvəlki kimi yaxından ünsiyyət qururduq. 2017-ci ilin sentyabrında qəhrəmanımızın həyatında həmin dönüş anı oldu. Məmmədov Krımdan gələrək Moskvada mənim evimdə qaldı.
- Kirill, mən aşıq olmuşam, onsuz yaşaya bilmirəm, istəyirəm ki, o, həyat yoldaşım olsun.
- Çox gözəl, toyda şənlənərik.
- Yox. O, hər hansı toy istəmir. Mən hər şeyi başa düşürəm, mən “piyaniska”, piyliyəm, şahmatda heç nəyə nail olmamışam. Mən çoxdan 2700 reytinqinə (elit qrossmeyster norması) malik olmalı idim. Çoxdan ciddi nə isə udmalıydım. Amma indi – təkcə “paxmel”, borclar və çox artıq kiloqramlar. Natalya heç vaxt mənə ərə gəlməz.
- Rauf, sən bilirsən, yaxın dostum Vanya Adamov mənə sübut etdi ki, həyatda mümkünsüz heç nə yoxdur. Sən özünü ələ almalısan. Sən Nataşaya deyil, özün-özünə sübut etməlisən ki, dəyişə bilərsən, ona layiqsən. Onda onun özü sənə gələcək”.

Dialoqdan sonra Məmmədovun yenə içdiyini qeyd edən Kirill ona yardımını təklif edib: “Rauf dərindən ah çəkdi və birinin ardınca digərini süzdü. Ona görə çox təəssüflənir, eyni vaxtda qəzəblənirdim. Göz yaşı axıtmaq, özünə yazığı gəlmək və 12 saata 2 litr arağı boşaltmaq lazım idimi? “O, özünü öldürür, mən kömək etməliyəm” düşüncəsi ilə dedim: “Rauf, qarşıda sənin ciddi turnirin var. Noyabrda komandalararası Avropa çempionatı olacaq. Sən ora parlaq formada getməlisən, qızıl qazanmalısan. Onda Nataşa üçün əsl qəhrəman olacaqsan. O, sənə ərə gələcək. Amma... turnirin ən yaxşı oyunçusu ol. Sabahdan mən sənin məşqçinəm. Rokki kimi işləməyə başlayaq”. Rauf yenə süzdü və içdi...”.

Zanqelis bu söhbətin dərhal təsir etmədiyini qeyd edib: “Səhər Rauf vətəninə uçdu. Bakıda içməyə davam etdi. O, şüursuz və sıxılmış vəziyyətdə nüfuzlu, amma o qədər də vacib olmayan komandalararası Avropa çempionatına yollandı. Heç də favorit olmayan klubu ilə 3-cü yeri tutdu. Hərçənd, öz kumiri və dostu, dünyanın ən güclü qrossmeysterlərindən biri Aleksandr Qrişuka qalib gəlsəydi, qızıla sahib çıxacaqdılar. Amma Raufçik 5 mümkün xaldan üçünü topladı, içməyə və Natalyaya görə əzab çəkməyə davam etdi. Oktyabrın sonunda çox nüfuzlu komandalararası Avropa çempionatı başladı. Azərbaycan yığması əla mükafatlar əldə edə bilərdi. Amma yaxşı mükafat üçün dövlətin bir şərti var idi – qızıl. Rauf Yunanıstana tam dağınıq yollandı. Biz hər gün zəngləşirdik, mən onun “paxmel” üzünü, sevən, amma xoşbəxt olmayan gözlərini görürdüm. Ürəyim qan ağlayırdı. “Raufçik, sən bacararsan, sən bunu etməyə borclusan” deyə ona qışqırırdım: “Sən qalib gəlsən, mən kitab yazacağam, səni mətbuatda məşhurlaşdıracağam, ən əsası Natalya sənə hörmət etməyə başlayacaq”.

Zanqelis həmin turnirin dönüş anını da yada salıb: “Azərbaycan yığması ilk üç turu iyrənc keçirdi. İtaliyaya məğlubiyyət, Avstriya üzərində qələbə və İspaniya ilə heç-heçə. Baxmayaraq ki, Raufun özü iki qələbə qazanıb, bir heç-heçə etmişdi. Həmin vaxt Məmmədov sosial şəbəkədə status yazdı: “Azərbaycan, inan ki, biz hələ qayıdacağıq”. Sonra nə baş verdisə, bütün şahmat dünyasını onlara heyran etdi. Bu, hər şeydən əvvəl məni heyrətləndirdi. Rauf hər oyundan əvvəl mənə zəng edirdi. Görürdüm ki, o, axşam baş verənlərdən sonra o necədir. Buna baxmayaraq, Azərbaycan yığması ardıcıl 5 qələbə qazandı. Bütün qələbələri də komandasına Rauf gətirdi. Aşiq, içkili, Don Kixot kimi insan, düşmən dəyirmanlarına atılır və öz Dulsiniyasına görə onlara qalib gəlirdi. Ən dramatik qarşılaşma Ermənistanla oldu. Əgər görüş heç-heçə bitsəydi, Raufun komandası qulaqları kimi qızılı da görməzdi. Qalib gəlməli olduğu vəziyyətdə (həmin vaxta qədər turun digər partiyaları başa çatmışdı) Rauf üstünlüyü tamamilə əldən verdi. Kompüter belə bütün hallarda heç-heçə olacağını göstərirdi. Amma Məmmədov təslim olmur. O, rəqibi səhvə vadar edir. Bu qələbədən sonra Azərbaycan yığması yarışı ümumi qalibiyyətə qədər apardı. Rauf isə fenomenal nəticə - 9 oyundan 8 xal (7 qələbə və 2 heç-heçə) göstərdi”.

O, bu qələbənin Raufun həyatını da dəyişdiyini bildirib: “Necə düşünürsünüz, bütün ölkənin ona dua etdiyi, bütün iştirakçıların alqışladığı vaxtda bu adam yarışdan sonrakı ziyafətdə nə etdi? Ağısızlığa qədər içdi? Başını itirdi? Qürurdan dəli oldu? O, öz Natalyasına və mənə zəng vurdu, içməyi və özünü ələ almağı söz verdi. Həmin gündən də sözünü tutur. Əgər bəzən bunu pozursa da, bu, mədəni və ləyaqətli baş verir. Bakıda komandanı prezident İlham Əliyevlə təntənəli görüşə dəvət etdilər. Məmmədov televiziya ekranlarından və qəzet səhifələrindən düşmürdü. O, çox sanballı mükafat aldı, bütün borclarını verdi və idman zalına yazıldı”.

Rusiyalı müəllif yazısını bir ildən sonra evinə qonaq gələn Raufdakı dəyişikliklə yekunlaşdırıb: “Təxminən bir il sonra Rauf mənə qonaq gəldi. Barmağında nişan üzüyü, 78 kiloqram çəki və 2709 reytinqi ilə...”.