17:37 27-04-2020
news_image
2371
FUTBOL

Azərbaycan çempionatının bərpa tarixi açıqlandı - azarkeşsiz keçiriləcək

Azərbaycanda futbol yarışlarının bərpa müddəti müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, mayın 4-dən sonra Azərbaycan Premyer Liqasının, I divizionun və ölkə kubokunun bərpası planlaşdırılır.

Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar dayandırılan Peşəkar Futbol Liqasının (PFL) təşkilatçılığı ilə keçirilən yarışların taleyi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı olacaq.

Daha əvvəl qəbul olunmuş qərara əsasən, xüsusi karantin rejimi 4 may saat 00:00-da başa çatacağı təqdirdə, adıçəkilən turnirlər bərpa olunacaq. UEFA, FİFA, EPFL və digər beynəlxalq futbol qurumlarının tövsiyələrini, AFFA, həmçinin klublarla aparılan müzakirələri və yarışların bitməsi üçün müəyyənləşdirilmiş mümkün tarixləri nəzərə alan PFL mayın 21-də I divizionun, 23-də isə Premyer Liqanın bərpasını nəzərdə tutur.

Aparılan müzakirələrə uyğun olaraq, PFL-in qərarına əsasən, Premyer Liqa oyunları başa çatdıqdan sonra Azərbaycan kubokunun yarımfinal (2 oyundan ibarət) və final oyunları keçiriləcək. Kubokun təqvimində dəyişikliyə əsas səbəb klubları, onsuz da, sıx olan təqvimdən qorumaq, kubokda iştirak etməyən klubların cari mövsümü erkən bitirərək növbəti mövsümə daha yaxşı hazırlaşmasına şərait yaratmaqdır.

Azarkeşsiz keçiriləcək Premyer Liqa, I divizion və Azərbaycan kubokunun yeni təqvimi ilə bağlı məlumat veriləcək.

Xüsusi karantin rejimi ilə bağlı mövcud vəziyyət hər hansı şəkildə dəyişəcəyi təqdirdə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul edəcəyi qərarlara uyğun olaraq Peşəkar Futbol Liqası tərəfindən müvafiq qərarlar qəbul oluna bilər.

Qeyd edək ki, Premyer Liqa XX, I divizion isə XIX turdan sonra dayandırılıb.