12:54 28-04-2020
news_image
128
FUTBOL

"Təklifə isti yanaşıram" - Elmar Baxşıyev

"Əvvəllər iki aya yaxın istirahət dönəmi olurdu. Amma həmin müddət ərzində oyunçular özləri məşq edə, futbol oynaya bilirdilər. İndiki durum bir qədər fərqlidir".

Bunu apasport.az saytına açıqlamasında "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının mayın 23-də bərpa olunma ehtimalını dəyərləndirərkən deyib.

Peşəkar Futbol Liqasının (PFL) dünənki bəyanatına münasibət bildirən 40 yaşlı mütəxəssis planlaşdırıldığı kimi olarsa, komandanı fasilədən sonrakı ilk oyuna hazırlamaq üçün daha sıx çalışacaqlarını söyləyib: "Çempionat bərpa olunandan sonra bütün komandalar çətinlik çəkəcəklər. Ümid edirəm ki, məşqlər olduqca kondisiyanı bərpa edə biləcəyik. Hamının durumu eynidir. Amma düşünürəm ki, məşqlər intensivləşdikdə çatışmazlıqlar aradan qalxacaq".

Baxşıyev FİFA-nın həm cari, həm də gələn mövsüm oyunlar zamanı 5 əvəzləmə təklifini alqışlayır: "FİFA-nın əvəzləmə sayının 5-ə yüksəldilməsi təklifinə isti yanaşıram. Daha çox əvəzetmə məşqçi üçün yaxşıdır. Bu amil zədələrin sayının artmasının qarşısını ala bilər. Digər tərəfdən bizim heyətimiz, onsuz da, geniş deyil. Üstəlik, bərpadan sonra mövsümü tez tamamlamaq üçün sıx təqvimdə oynayacağıq. Bunu nəzərə alıb müsbət yanaşıram".