13:12 28-04-2020
news_image
101
FUTBOL

"Onlar daim risk altında qalır" - Aftandil Hacıyev

"Əvəzləmə sayının artırılması təklifi yaxşı fikirdir. Bu amil fasilədən sonrakı ilk turlar üçün daha vacibdir".

Bunu apasport.az saytına açıqlamasında "Səbail"in baş məşqçisi Aftandil Hacıyev FİFA-nın futbolçuların əlavə yükləmə və zədələrdən qaçması məqsədilə oyun zamanı dəyişikliyin 3-dən 5-ə artırılması təklifini dəyərləndirərkən deyib.

Paytaxt klubunun çalışdırıcısı hətta bunun da çıxış yolu olmadığını düşünür: "Tam hazır olmayan futbolçuları 90 dəqiqə meydanda saxlamaq bizdən asılı olmadan zədələrə gətirib çıxara bilər. Təbii ki, əvəzetmələrin 5-ə yüksəldilməsi zədədən qaçmaq baxımından müəyyən qədər kömək edə bilər. Amma istənilən halda qapıçını saymasaq, sona qədər meydanda qalmaq məcburiyyətində olan digər 5 oyunçu daim risk altında qalır".

Premyer Liqanın mayın 23-də bərpa edilmə ehtimalına sevindiyini söyləyən Aftandil Hacıyev ayın 4-dən həmin vaxta qədər tam hazır olmağın mümkünsüzlüyünü vurğulayıb: "Çünki bu, çox qısa müddətdir. Amma futbolçuların durumunu müəyyən qədər yaxşılaşdırmaq olar. Əlbəttə, daha çox vaxtın verilməsini istərdik. Ancaq çempionatın bitməsi də önəmlidir və təqvim baxımından sıxlıq var. Futbolçuları bu qısa müddətdə zədəsiz çempionata hazırlamaq üçün bacardığımız qədər çalışacağıq. Əsas məqam oyunçuların zədələnməməsidir. Buna görə 3-4 həftəlik proqram təklif etmişik. AFFA və PFL-i də başa düşmək lazımdır. Çünki onların çempionatı bitirmək istəyi var. Bizə verilə biləcək maksimum vaxt bu qədərdir. Oyunçuları fasilədən sonrakı ilk matça mümkün qədər yaxşı hazırlamağa çalışacağıq".

39 yaşlı mütəxəssisin fikrincə, evdə keçilən məşqlər yalnız yüngül tonusda qalmağa hesablanıb: "Meydançada məşq tam fərqlidir. Bunları heç müqayisə etmək olmaz. Sadəcə, düşdüyümüz vəziyyətdə başqa çıxış yolu yoxdur. Həm də oyunçularla daim ünsiyyətdə oluruq ki, psixoloji cəhətdən fayda versin. Fərdi məşqlər keçirilsəydi, bəlkə də, bir qədər fərqli olardı".