14:20 28-04-2020
news_image
98
FUTBOL

"Hamı bunun əziyyətini çəkəcək" - Ayxan Abbasov

"Ev şəraitində keçirilən məşqlər zamanı futbolçuların bədənlərinin tonusda qalmasına çalışırıq. Çünki futbol çox güc sərf olunan idman növüdür".

Bunu apasport.az saytına "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov deyib.

Gənc çalışdırıcı futbolçuların tam hazır olması üçün meydança məşqlərinin vacibliyini vurğulayıb. Evdəki hazırlıqla oyunçuları tonusda saxlamağa çalışdıqlarını söyləyən 39 yaşlı məşqçi Premyer Liqanın bərpa edilməsi planlaşdırılan vaxta - mayın 23-nə qədər tam hazır olmağın mümkünsüzlüyünü bildirib: "Təxminən 50 günə yaxın karantin rejimində olduq. Futbolçular bu müddətdə normal məşq etmədilər. Mayın 5-dən məşqləri bərpa etsək, hazırlığın 3-cü həftəsində tur olacaq. Düzdür, bu həftələr ərzində tam forma yığmaq çətindir. Məncə, bütün komandalar bunun əziyyətini çəkəcəklər. Ancaq hər şeyi başa düşürük, başqa çıxış yolumuz yoxdur. Çətin olacağı şübhəsizdir. Çalışacağıq bu günlər ərzində yoxlama görüşü keçirək, futbolçuları bacardığımız qədər hazırlayaq. Hər şeyi çempionat oyunları göstərəcək".

Ayxan Abbasov FİFA-nın matçlar zamanı əvəzləmə sayının 5-ə yüksəldilməsi təklifini də dəstəkləyib: "Oyunların üç gündən bir keçirilməsi ikinci bir çətinlik olacaq. Futbolçular tam fiziki gücdə olmadıqda onların bərpalarına vaxt lazımdır. Bu da uzun zaman tələb edir. Ona görə də, belə addımlar məşqçilərin işini yüngülləşdirə bilər. Üstəlik, nəzərə alaq ki, havalar istiləşəcək. Məncə, FİFA-nın etdiyi bu təklif normaldır. Həm zədələrdən qaçmağa, həm də oyun tempinin aşağı düşməməsinə kömək edə bilər".

Qeyd edək ki, Peşəkar Futbol Liqasının qərarına əsasən, Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejimini uzatmasa, koronavirus pandemiyası ilə əlaqədar dayandırılan Premyer Liqa mayın 23-də bərpa ediləcək.