16:46 28-04-2020
news_image
443
FUTBOL

"Problem ondadır ki..." - Zaur Həşimov

"Evdəki məşqlə meydandakı tam başqa effekt verir. Ən azı tonusu saxlamaq üçün futbolçu məşq etməlidir".

Bunu apasport.az saytına "Zirə"nin baş məşqçisi Zaur Həşimov deyib.

Paytaxt klubunun çalışdırıcısı uzun müddətdir futbolçuların kollektiv hazırlıqdan kənarda qalmalarının mənfi amillərindən danışıb: "Tam izolyasiya dövrünə qədər futbolçular qaçırdılar, parklarda futbol oynayırdılar. Amma ondan sonra məhdudiyyətlər buna imkan vermədi. Bu da futbolçuların fiziki durumuna istər-istəməz təsir edir. Bütün gün meydanda olan futbolçunun birdən-birə ev şəraitində məşqə keçməsi psixoloji cəhətdən də təsir edir".

Peşəkar Futbol Liqasının (PFL) dünənki qərarına da münasibət bildirən 39 yaşlı çalışdırıcı mayın 5-dən 23-dək tam hazır vəziyyətə gəlməyin mümkün olmadığını vurğulayıb: "Futbolçu adətən məşqlərə başladıqdan 4 həftə sonra maksimum formasını yığmağa başlayır. Problem ondadır ki, biz 15-20 günlük istirahətdən qayıtmırıq. Kollektiv bir araya gələndə artıq iki ay yaxın vaxt keçmiş olacaq. Bu baxımdan 3 həftə azdır. Tam formanı oyunlar gedə-gedə yığmaq mümkün olacaq. Amma oyunlar da sıx qrafikdə keçiriləcək. Hansı prizmadan yanaşmağımızdan asılı olmayaraq, problemlər olacaq".

Həşimov FİFA-nın həm cari, həm də gələn mövsüm matçlar zamanı komandalara 5 əvəzləmə icazəsi verilməsi təklifini də dəyərləndirib. O, bu məqamın heyəti geniş olan klubların lehinə olacağı qənaətindədir: "Əvəzləmə sayının çox olması praktikasını aşağı yaş qrupu üzrə milli komandalarda olarkən görmüşəm. Yenə də ümumilikdə oyunu 3 dəfə dayandıra bilərsən. Bu dəyişiklik daha çox heyəti geniş olan klubların xeyrinə olacaq. Hər halda futbolçuları, komandaları düşünərək belə təklif edilib. Bizdə sarı vərəqə limitində olanlar, zədəlilər olur. Mövsümboyu hətta 3 əvəzləmədə də əziyyət çəkdik. Əvəzləmə sayının 5-ə çatdırılması heyəti geniş olan komandaların bizə qarşı üstünlüyü olacaq".

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejimini uzatmasa, koronavirus pandemiyası ilə əlaqədar XX turdan sonra dayandırılan Premyer Liqa mayın 23-də bərpa ediləcək.