23:25 28-04-2020
news_image
66
FUTBOL

FİFA Səhiyyə Komitəsinin sədrindən çağırış - avqustun sonunadək futbol oynamayın

"Hamımız yerli hökumətlərin verəcəyi qərarı gözləyirik. Hazırkı vəziyyət bunu tələb edir. Futbol indi həyatda ən önəmli faktor deyil".

Apasport.az saytının məlumatına görə, bunu FİFA Səhiyyə Komitəsinin sədri Mişel Duq deyib.

Bir neçə ölkədə federasiyaların çempionatın bərpasına hazırlaşmasına münasibət bildirən Duq bunun riskli olduğunu düşünür. O, koronavirus pandemiyasının ikinci dalğası ehtimalını istisna etməyib: "Əgər növbəti mövsüm avqustun sonu və ya sentyabrın əvvəlində başlasa, buna sevinərəm. Belədə virusun ikinci dalğasının da qarşısını almaq mümkün olar. Hazırda ikinci dalğa ehtimalı istisna deyil. Hər kəs diqqətli olmalıdır. Bir çox ölkədə azarkeşlə və ya azarkeşsiz çempionatı bərpa etmək barədə düşündüklərini eşidirəm. Hazırda yalnız sağlamlıq barədə düşünmək lazımdır. Bu artıq pul yox, ölüm-qalım məsələsidir".

Mişel Duq matçların azarkeşlər önündə təşkilinin təhlükəli olduğunu bildirib: "Məhdud məkanda yüzlərlə və ya minlərlə insan bir yerə toplaşır. Meydançada futbolçular arasında əlaqə olacaq, paltardəyişmə otağında yan-yana oturacaqlar. Əminəm ki, azarkeşlər harada olursa-olsun, qrup halında toplaşacaqlar. Futbol matçlarını davam etdirməyə qərar verməzdən əvvəl hamıdan çox diqqətli olmağı xahiş edirəm. Bunun nə vaxt mümkün olacağını deyə bilmərəm. Çünki heç kim virusun yaxın aylarda özünü necə göstərəcəyini bilmir".

Qeyd edək ki, bu gün Fransa Liqa1 və Liqa2-də cari mövsümün ləğv ediləcəyi açıqlanıb. Azərbaycan Premyer Liqasının bərpası isə mayın 23-nə planlaşdırılır.