12:01 30-04-2020
news_image
454
STOLÜSTÜ OYUNLAR

“Hollivud filmlərinə bənzətmək üçün haqqımda belə yazıb” - Rauf Məmmədov

“Ad günümlə bağlı haqqımda yazılanların çoxu zarafatdır”.

Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının şahmatçısı Rauf Məmmədov deyib.

Beynəlxalq qrossmeyster rusiyalı şahmat meneceri Kirill Zanqelisin ona həsr etdiyi yazıya münasibət bildirib. Məmmədov Rusiya Şahmat Federasiyasının rəsmi saytında dərc olunan “Özünə qalib gələn insan” yazısındakı bəzi məqamları müəllifin fantaziyasının məhsulu olduğunu qeyd edib: “Kirill bunu hansısa maraqlı kitaba və ya Hollivud filmlərinə bənzətmək üçün belə yazıb. Təbii ki, hansısa uşaq bağçada siqaret çəkmir. Kiçik yaşlarında qumar oynamaq da gülməli görünür. Çünki həmişə valideynlərimin, xüsusilə də anamın diqqəti üzərimdə olub. Bu səbəbdən də belə məsələlərdən söhbət gedə bilməz”.

Raufun fikrincə, yaxın dostu olan Zangelis onun uşaq yaşlarından siqaret çəkməsini, həmçinin içkiyə və qumar oyunlarına sevgisini yazının maraqlı olması üçün fikirləşib: “Məqalənin dramatik və maraqlı alınması üçün belə başlanılıb. Sadəcə fikirləşirdim ki, hamı bunun belə olduğunu biləcək. Amma səhv tərəfə çəkənlər də var”.

Rauf yazının əsas hissəsinin komandalararası Avropa çempionatına həsr olunduğunu bildirib. Zangelisin yazısında da məhz bu turnirə önəm verilib: “Azərbaycan yığması ilk üç turu iyrənc keçirdi. İtaliyaya məğlubiyyət, Avstriya üzərində qələbə və İspaniya ilə heç-heçə. Baxmayaraq ki, Raufun özü iki qələbə qazanıb, bir heç-heçə etmişdi. Həmin vaxt Məmmədov sosial şəbəkədə status yazdı: “Azərbaycan, inan ki, biz hələ qayıdacağıq”. Sonra nə baş verdisə, bütün şahmat dünyasını onlara heyran etdi. Bu, hər şeydən əvvəl məni heyrətləndirdi. Rauf hər oyundan əvvəl mənə zəng edirdi. Görürdüm ki, o, axşam baş verənlərdən sonra o necədir. Buna baxmayaraq, Azərbaycan yığması ardıcıl 5 qələbə qazandı. Bütün qələbələri də komandasına Rauf gətirdi. Aşiq, içkili, Don Kixot kimi insan, düşmən dəyirmanlarına atılır və öz Dulsiniyasına görə onlara qalib gəlirdi. Ən dramatik qarşılaşma Ermənistanla oldu. Əgər görüş heç-heçə bitsəydi, Raufun komandası qulaqları kimi qızılı da görməzdi. Qalib gəlməli olduğu vəziyyətdə (həmin vaxta qədər turun digər partiyaları başa çatmışdı) Rauf üstünlüyü tamamilə əldən verdi. Kompüter belə bütün hallarda heç-heçə olacağını göstərirdi. Amma Məmmədov təslim olmur. O, rəqibi səhvə vadar edir. Bu qələbədən sonra Azərbaycan yığması yarışı ümumi qalibiyyətə qədər apardı. Rauf isə fenomenal nəticə - 9 oyundan 8 xal (7 qələbə və 2 heç-heçə) göstərdi”.

İndiyədək Ermənistan şahmatçıları ilə duellərdə heç vaxt uduzmayan qrossmeysterimiz rusiyalı müəllifin bu parlaq qələbəyə rəng qatmaq istəyindən danışıb: “Bu yazıda əsas məqam Avropa çempionluğumuz və Ermənistan üzərində inamlı qələbədir. Siqaret çəkmək, yaxud qumar oynamaq məqaləyə əlavə rəng qatmaq, oxucunun diqqətini çəkməyə hesablanıb”. 

Qarşıdakı planlarına da toxunan Rauf koronavirus pandemiyası üzündən dünya idmanında yaranan fasilə dövründə fərdi hazırlıqla kifayətləndiyini bildirib: “Qarşıda hələlik hansısa yarış yoxdur. Şahmatla və evdə idmanla məşğulam. Turnirlər başladıqda isə həmişəki kimi, əsas hədəfim Azərbaycan adını həmişə yüksəklərdə tutmaq olacaq”.

Qeyd edək ki, mayın 1-də Rauf Məmmədovun təşəbbüsü və dəstəyi ilə "Biz birlikdə güclüyük" adlı onlayn turnir keçiriləcək.