12:10 30-04-2020
news_image
148
FUTBOL

“Qəbələ”nin legioneri Azərbaycana nə vaxt dönəcək?

Koronavirus pandemiyası ilə bağlı karantin rejimi bitdikdən sonra məşqlərə başlayacaq "Qəbələ" tam heyətlə hazırlıq keçməyə bilər.

Apasport.az saytının məlumatına görə, hazırda ölkəsi İspaniyada olan yarımmüdafiəçi Fernan Lopesin kollektivə qoşulmasında problem yaranıb.

Azərbaycanın dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyətin mayın 31-dək uzadılması 25 yaşlı orta sahə oyunçusunun dönüş tarixini uzada bilər. "Qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev futbolçu ilə daim əlaqədə olduqlarını söyləyib: "Fernanla mütəmadi əlaqə saxlayırıq, danışırıq. Ev şəraitində karantindədir. Ümid edirəm ki, məşqlərə başlayanda o da komandaya qoşular. Düzdür, sərhədlərin açılması ilə bağlı problem var. Amma Fernanın xahişini nəzərə alıb, ona getmək icazəsi vermişdik. Ailəsinə görə çox narahat idi, biz də onların yanına getməsinə şərait yaratdıq".

Qeyd edək ki, son qərara əsasən, yükdaşımalar və çarter reysləri istisna olmaqla, Azərbaycan ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may tarixinədək uzadılıb.