12:31 01-05-2020
news_image
105
FUTBOL

"Bizdə bu problem digər komandalardan azdır" - Aftandil Hacıyev

"Müqavilə müddəti mövsümün sonuna qədər olan 5-6 aparıcı futbolçumuz var".

Bunu apasport.az saytına "Səbail"in baş məşqçisi Aftandil Hacıyev AFFA-nın son bəyanatına münasibət bildirərkən deyib.

Assosiasiyanın tövsiyəsinə əsasən, klublarda futbolçularla müqavilənin bitmə tarixi cari mövsümün əvvəlcədən müəyyən olunmuş başa çatma tarixi ilə eynidirsə, bu, mövsümün yeni başa çatma tarixinə qədər uzadılsın.

Hacıyev bu baxımdan ən az problem yaşayacaq komandalardan birinin məhz "Səbail" olduğunu söyləyib. Çünki Bakı klubunda sözləşmələrin müddəti iyul ayına qədərdir: "Müqaviləsi bitdikdən sonra "gedirəm" deyənin qarşısını almayacağıq. Amma bizdə bu məsələ ilə bağlı problem digər komandalardan azdır. Futbolçu ilə anlaşmanı iyula qədər bağlayan 2-3 klub varsa, onlardan biri də "Səbail"dir. Məncə, bunlar müzakirə ilə yoluna qoyulacaq məsələlərdir".

39 yaşlı çalışdırıcı hər hansı bir oyunçunun mövsüm bitməmiş getmək istəyəcəyinə inanmır: "Düşünmürəm ki, futbolçular 1 aya görə böyük problem yaratsınlar. Sözləşməsi bitmək üzrə olan 3-4 oyunçumuz da var ki, onlar meydanda az şans qazananlardır. Əksinə, həmin uşaqlar daha çox oynamaq üçün mövsümün sonuna qədər qalmaq istəyəcəklər".