00:11 02-05-2020
news_image
234
STOLÜSTÜ OYUNLAR

Rauf Məmmədovun təşkil etdiyi turnirin qalibləri müəyyənləşdi

Şahmat üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının üzvü, beynəlxalq qrossmeyster Rauf Məmmədovun təşəbbüsü və dəstəyi ilə "Biz birlikdə güclüyük" adlı onlayn turniri keçirilib.

Apasport.az saytının məlumatına görə, 17 yaşadək şahmatçıların qatıldığı turnirdə ümumilikdə 232 yeniyetmə zəka sahibi gücünü sınayıb.

Oyuna nəzarət vaxtının artımsız 3 dəqiqə təşkil etdiyi yarışda İsveçrə sistemi üzrə 11 turdan ibarət olub. Rauf Məmmədov tərəfindən canlı olaraq şərh olunan turnirin qalibi adına Xəzər Babazadə yiyələnib. O, 9,5 xal toplayıb.

Eyni xala malik Elmar Atakişiyev əlavə göstəricilərə görə 2-ci yerlə kifayətlənib. 9 xal toplayan Mələk İsmayıl həm ümumi turnirdə 3-cü olub, həm də qızlar arasında ən yaxşı göstəriciyə imza atıb.

Qeyd edək ki, heç bir üzvlük haqqı nəzərdə tutulmayan yarışın mükafat fondu Rauf tərəfindən ayrılan 500 manatdan ibarət olub. Ümumi turnirdə 1-ci yer 100, 2-ci yer 80, 3-cü yer 50, 4-cü yer 40, 5-ci yer 6-10-cu yerlər hərəyə 20 manat əldə edib. Qızlar və 12 yaşadək şahmatçılar arasında ən yaxşı nəticə sahibləri də hərəsi 50 manat qazanıb.