00:14 03-05-2020
news_image
249
FUTBOL

“Bu gün bu, tam başqa klubdur” – “Qəbələ”nin sabiq baş məşqçisi

“Yəqin ki, Pyer-Emerik Obameyanq gedəcək. Əgər mən məşqçi olsaydım deyərdim ki, Obameyanqı heç bir pul qarşılığında satmayın, bizə transferlər, akademiyadan oyunçular, ən yaxşı futbolçularımızı saxlamaq lazımdır”.

Apasport.az saytının məlumatına görə, bunu İngiltərə millisinin və “Arsenal”ın əfsanəvi müdafiəçisi Toni Adams deyib.

Vaxtilə Azərbaycanda “Qəbələ”nin baş məşqçisi olmuş futbol veteranı uzun illər şərəfini qoruduğu London klubunun durumuna münasibət bildirib: “1995-ci, 1996-cı illərdə kluba çox pul qoyulub və dünyanın ən yaxşı oyunçuları “Arsenal”a gəlirdi. Aleks Ferqyuson mənim dalımca gəlmişdi. Amma mən qaldım və rəhbərliyə dedim ki, bu klubun iddiaları varmı? Mənə “narahat olma, böyük pullar qoyuruq və inkişafı planlaşdırırıq” cavabını verdilər. Qalanı artıq tarixdir. Berqkamp, Anelka, Vieyra, Peti, Pires gəldi – komandamızda 5 dünya çempionu var idi”. 

Adams indiki durumdan təəssüf keçirdiyini gizlətməyib: “Bu gün bu, tam başqa klubdur. Düşünürəm ki, artıq neçə illərdir “Arsenal”ın heyətini əla saymaq olmaz. İndi deyəsən biz ən yaxşı oyunçularımızı satırıq. Özünün ən yaxşı futbolçularını satmaqla heç vaxt çempionatda qələbə üçün komanda yığmaq olmaz”.