13:01 04-05-2020
news_image
1610
FUTBOL

Flavinyo, yoxsa Reynaldo? – SORĞU-nun nəticəsi

“Apasport”un oxucuları arasında keçirdiyi növbəti sorğunun nəticəsi müəyyənləşib.

Azarkeşlər “Neftçi”nin ən güclü legionerlərindən olan Flavinyo ilə “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasında böyük pay sahibi olan Reynaldo arasında seçim ediblər.

“Flavinyo, yoxsa Reynaldo?” sorğusunda birinci daha çox səs toplayıb. Braziliyalıların qiyabi mübarizəsində respondentlərin 57,8 faizi “Neftçi”nin sabiq kapitanına üstünlük veriblər. Hələ də karyerasını davam etdirən Reynaldo isə 42,2 faiz səs yığıb.

Flavinyonu üstün tutanlar əsasən onun 5 il stabil çıxışını, oyun quruculuğunu qabardıblar. “Reynaldo” deyənlər isə “sambaçı”nın qolçuluq bacarığını ön plana çəkiblər. Əksər azarkeşlər “Qarabağ”ın sabiq forvardının zədəyə meyilli olduğunu, bu üzdən uzun müddət eyni səviyyədə çıxış etmədiyini vurğulayıblar.

Qeyd edək ki, 2010-2015-ci illərdə ölkəmizdə “Neftçi”nin formasını geyinən Flavinyo 5 il ərzində 3 dəfə Premyer Liqanın (2010/11, 2011/12, 2012/13), 2 dəfə ölkə kubokunun (2012/13, 2013/14) qalibi olub. 2013-2017-ci illərdə, həmçinin 2019-cu ildə “Qarabağ”ın uğurları üçün çalışmış Reynaldonun isə 4 Premyer Liqa çempionluğu (2013/14, 2014/15, 2015/16, 2018/19) olub, 2 dəfə ölkə kubokunu (2014/15, 2015/16) qazanıb. O, 2013/14 mövsümünün 22 qolla bombardiri olub.