11:44 05-05-2020
news_image
186
FUTBOL

Super Liqa matçlarına məhdudiyyətlər – maksimum 217 nəfər

Türkiyə Super Liqasının taleyinə bu gün aydınlıq gələ bilər.

Apasport.az saytının məlumatına görə, Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdəmirlə səhiyyə naziri Fahrettin Koca arasında baş tutacaq iclasdan sonra yeni qərarlar açıqlanacaq.

Yerli mətbuat koronavirus pandemiyası ilə əlaqədar dayandırılan oyunların gələn aydan bərpasının gündəmdə olduğunu iddia edib. Azarkeşsiz baş tutacaq qarşılaşmalara məhdud sayda adamın girişi ehtimal edilir. Oyunun iştirak ərizəsinin yenidən 18 nəfərdən ibarət olması və ora düşə bilməyən futbolçuların stadiona gətirilməməsi gözlənilir. 9 nəfərlik məşqçi heyəti 6-ya endiriləcək. 

Derbilərdə 4, adi qarşılaşmalarda 3 TFF nümayəndəsi olursa, mövsümün qalan hissəsində 1 nümayəndə iş başında görünəcək. Topdaşıyanların 10-12-dən 4-ə endirilməsi, fəxri tribunada hər iki klub rəhbərliyinə 5 yerin ayrılması nəzərdə tutulur. Bundan başqa, oyunu işıqlandırmaq istəyən jurnalist sayı 40, fotoqraf isə 10 olacaq. Yayım hüququna malik kanal kameraların sayını azaltmalıdır. Federasiya VAR otağında 1 hakimlə kifayətlənə bilər.

Bu müddətdə oyunun hakim-inspektoru təyinatı ləğv oluna, həmin vəzifəni 4-cü hakim yerinə yetirilə bilər. Hər klubun maksimum 5 təhlükəsizlik işçisi iş başında ola bilər. Digər məhdudiyyətlərlə birlikdə Super Liqanın bir matçında futbolçular və hakimlər də daxil olmaqla maksimum 217 nəfərin iştirakı gözlənilir.

Qeyd edək ki, Super Liqada son oyun martın 17-də keçirilib və koronavirus pandemiyası ilə əlaqədar yarış XXVI turdan sonra dayandırılıb.