12:19 05-05-2020
news_image
204
FUTBOL

“Qarabağ” ermənilərə qarşı döyüşən bir ordudur” – icra başçısı

“Çox sevinirəm ki, “Qarabağ” Ağdam rayonunun komandasıdır. Mənfur düşmənlərimizin ölkəmiz üzərinə hücuma keçdiyi bir vaxtda Qarabağ adını Ağdam rayonunun daşıması bizim üçün çox önəmli məsələdir”.

Apasport.az saytının məlumatına görə, bunu Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov “Qarabağ” klubunun məşqçi və futbolçu heyətinin Ağdama səfəri zamanı deyib.

Bu səfərdən məmnunluğunu ifadə edən icra başçısı Azərbaycan çempionunun uğurlarına sevindiyini söyləyib: “Qarabağ” klubunun azarkeşliyəm. Hesab edirəm ki, “Qarabağ” futbol komandası mənfur ermənilərə qarşı döyüşən bir ordudur. Çünki “Qarabağ”ın dünya miqyasında Azərbaycanın tanınmasında, Qarabağ həqiqətlərinin dünyada insanlara çatdırılmasında əvəzsiz xidmətləri var. Bütün bunlara görə, “Qarabağ” rəhbərliyinə, klubun xərclərinin qarşılanması üçün əlindən gələni edən Tahir Gözələ, Abdulbari Gözələ xüsusi minnətdarlığımı bildirirəm. Çünki onlar bu gün “Qarabağ”a çox ciddi dəstək verirlər, dövlətimizin tapşırıqlarını yerinə yetirirlər, cənab prezidentimizin “hər bir insan “Qarabağ” futbol klubuna kömək etməlidir” devizinə layiqli dəstəklərini verirlər. “Qarabağ” da bu gün ölkəmizi və Qarabağımızı çox gözəl təmsil edir. Hesab edirəm ki, cənab prezidentimizin rəhbərliyi altında tezliklə Azərbaycanın bayrağı Ağdamımızda, Şuşamızda dalğalanacaq. O zaman da “Qarabağ” klubu öz sözünü deyəcək, dünya səviyyəli yarışlarda ən layiqli yerlərdən birini tutacaq. Həmin gün uzaqda deyil”.

Qeyd edək ki, “Qarabağ” klubunun Ağdama səfəri koronavirus pandemiyası ilə bağlı çətinlik çəkən yerli sakinlərə dəstək xarakterli olub.