22:31 05-05-2020
news_image
339
STOLÜSTÜ OYUNLAR

Rəcəbovdan 2-ci heç-heçə, komandası qalib gəldi - YENİLƏNİB

FİDE tərəfindən təşkil olunan onlayn şahmat üzrə Millətlər kubokunda ilk oyun gününə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin şahmatçısı Teymur Rəcəbəvun heyətində yer aldığı Dünya yığması II turda Hindistanla qarşılaşıb.

İlk turun Çinlə oyununda olduğu kimi, təmsilçimiz bu dəfə də heç-heçə ilə kifayətlənib. Ağ fiqurlarla oynayan Rəcəbov Vişvanatan Anandla xalı yarı bölüb.

Onun komanda yoldaşlarından Alireza Firudza Pentela Harikrişna, Mariya Muziçuk isə Hampi Koneru ilə heç-heçə edib. Jorj Korinin Adhlban Baskaran üzərində qələbəsi ilə dünya yığmasına qalib gəlmək üçün yetərli olub – 2,5:1,5. Bu, ilk turda 1:3 hesablı məğlubiyyət alan Teymur və komandasının ilk qələbəsidir.

II turun digər matçlarında ABŞ Rusiyanı, Çin Avropanı məğlub edib. Hər iki görüşdə 3:1 hesabı qeydə alınıb.

İlk oyun günündən sonra Çin yarışın lideridir. Asiyalılar hər iki qarşılaşmada qalib gəlib.

Qeyd edək ki, dünya yığması sabah keçiriləcək iki turdan birincisində ABŞ, ardınca Rusiya ilə qarşılaşacaq.

***

Saat. 18:36

Onlayn şahmat üzrə Millətlər kuboku turniri start götürüb.

Apasport.az saytının məlumatına görə, FİDE-nin təşkil etdiyi yarışda Dünya yığmasında yer alan Azərbaycan şahmatçısı Teymur Rəcəbov ilk oyununu keçirib.

Qrossmeysterimizin çıxış etdiyi komanda 180 min dollarlıq turnirin ilk turunda Çin yığması ilə görüşüb. Qara fiqurlarla mübarizə aparan Teymur Van Hao ilə heç-heçə oynasa da, Dünya yığması qarşılaşmadan məğlub ayrılıb – 1:3. Mariya Muziçuk Hau Yifana, Amin Bassen Yu Yanqyiyə uduzub, Alireza Firudza isə Din Lirenlə heç-heçə oynayıb.

Qeyd edək ki, turun digər matçlarında Rusiya Avropa yığması ilə, Hindistan ABŞ millisi ilə heç-heçə oynayıb (2:2).