10:40 06-05-2020
news_image
1684
FUTBOL

90-cı illərdə səs-küy yaradıb kölgəyə çəkilən “10-luq”

Ötən əsrin 1990-cı illərində Avropada səs-küy yaradan, lakin hazırda kölgədə olan klubların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıda 9 ölkənin 10 klubu yer alıb.

90-cı illərdə Fransa çempionatının və kubokunun sahibi olan, Çempionlar Liqasında yarımfinala, UEFA Kubokunda 1/4 finala qədər irəliləyən “Nant” hazırda Liqa1-in autsayderləri sırasındadır.

Nevio Skala, Karlo Ançelotti və Alberto Malezaninin çalışdırdığı, heyətində Canluici Buffon, Ernan Krespo, Fabio Kannavaro kimi ulduz futbolçular olan İtaliya “Parma”sı həmin dönəmdə 2 dəfə UEFA Kubokunu (1994/95, 1998/99), 1 dəfə isə Kuboklar Kubokunu (1992/93) qazanıb.

1994/95 mövsümündə İngiltərə çempionu olan “Blekbörn”, elitada liqada yüksək yerlərə iddia edən, avrokuboklarda uğurlu nəticələr göstərən “Nyukasl”, İspaniya çempionatını (1990/2000) və kubokunu (1994/95) əldə edən “Deportivo”, Almaniyada eyni uğurları qazanan “Kayzerslautern”dən üçü hazırda aşağı liqada mübarizə aparır, “Nyukasl” isə Premyer Liqada gün keçirir.

90-cı illərdə Hollandiyada “at oynadan” Pyer van Hoydonklu, Covvanni van Bronkhorstlu, Yon Dal Tomassonlu “Feyenoord”, Çempionlar Liqasının 1/4 final iştirakçısı “Rusenborq” (Norveç) da siyahıya düşüb.

Azərbaycanın veteran futbolçusu Nazim Süleymanovun formasını geyindiyi dönəmdə Rusiyanın iddialı klubu olan “Alaniya” da “10-luq”da qərarlaşıb. Vladiqafqaz təmsilçisi həm Rusiya çempionatının (1995) qalibi, həm də Birlik kubokunun (1996) finalçısı olub. Süleymanovun qol yükünü daşıdığı komandanın ulduzları İqor Yanovski, Omari Tetradze və Anatoli Kanişev göstərilir.

90-cı illərdə həm Türkiyədə hegemonluq edən, həm də avrokuboklarda parlaq çıxışla diqqət çəkən “Qalatasaray” da hazırda kölgəyə çəkilənlərdəndir. Ardıcıl 4 dəfə ölkə çempionu olan (1997-2000), UEFA Kubokunu (1999-2000), Superkubokunu (2000-2001) qazanan, Çempionlar Liqasında 1/4 finala qədər irəliləyən İstanbul klubunda George Haci, Əmrə Belözoğlu, Hakan Şükür kimi futbolçular yer alırdı. “Cim-bom”u həmin vaxt da hazırkı baş məşqçi Fatih Terim çalışdırıb.