12:43 07-05-2020
news_image
269
FUTBOL

Rahid Əmirquliyev: “Çempionatın bərpasına ümid azalıb” – MÜSAHİBƏ

“Səbail”in və Azərbaycan millisinin yarımmüdafiəçisi Rahid Əmirquliyevin apasport.az saytına müsahibəsi

- Operativ Qərargah karantin vaxtını mayın 31-nə qədər uzatdı. Halbuki mayın 4-dən məşqlərə başlamağa ümid edirdiniz. Bu xəbəri necə qarşıladınız?
- Həqiqətən də, hamı mayın 4-nü gözləyirdi ki, karantin vaxtı bitsin, məşqlərə başlayaq. Ancaq alınmadı, karantin müddəti uzadıldı. Yəqin ki, bu addımı atmağa məcbur olublar. Əlbəttə, çox məyus olduq. Lakin qərarı da başa düşürük. Bütün bunlar millətin təhlükəsizliyi üçündür.

- Mayın 11-də yeni qərarlar açıqlanmalıdır. İdman yarışlarının bərpası ilə bağlı ümidiniz varmı və klubdan sizə nəsə deyən olubmu?
- Mən də eşitmişəm ki, mayın 11-də yeni qərarlar olacaq. Ümid edirəm ki, onlar arasında idman da olar. Ancaq bizə klubdan bu barədə heç bir məlumat verilməyib. Hələ ki, gözləyirik.

- Evdə məşq etməkdən artıq bezmirsiniz?
- Düzdür, evdə məşq etmək çətindir, darıxdırıcıdır. Düşdüyümüz bu vəziyyətə baxmayaraq, evdə də olsa maksimum səviyyədə məşq etməyə çalışmalıyıq. Çempionatın bərpasına hər an hazır olmalıyıq. Mən də evdə məşqdən sonra boş qalan vaxtlarımı evdəkilərlə, uşaqlarla keçirirəm.

- Psixoloji durumunuz necə, qaydasındadırmı?
- Bu vəziyyət psixoloji cəhətdən problem yarada bilər. Amma nəzərə almalıyıq ki, təkcə futbolçular yox, bütün dünya bu durumdadır. Səbirli olmalı, yaxşı olması üçün dua etməli və gözləməliyik.

- Məşqi saymasaq, vəziyyət düzəldikdən sonra etmək istədiyiniz ilk iş nədir?
- Dostlarla, qohumlarla görüşmək istəyərdim. Əlbəttə, ilk arzum komanda ilə birlikdə məşqə başlamaqdır. Karantin rejiminə görə, dostlarımla bir yerə toplaşa, qohumlara qonaq gedə bilmirik.

- İndiki vəziyyətdə ən yaxşı halda iyunun ikinci yarısından sonra Premyer Liqa bərpa oluna bilər. Sizin buna ümidiniz varmı?
- Karantin müddəti uzadıldıqdan sonra çempionatın bərpasına ümid azalıb. Ancaq yenə də ümid var, ölməyib. İnanırıq ki, ölkədə vəziyyət yaxşılaşar, karantin rejimi yumşalar, biz də tez bir zamanda məşqlərə başlayarıq.

- Bərpa olunsa belə, sıx təqvim yaranacaq: çempionat bitdikdən dərhal sonra avrokubok və növbəti mövsüm başlayacaq. Bəlkə çempionatı artıq bitmiş saymaq və növbəti mövsümü düşünmək lazımdır?
- Karantin müddəti, məşqlərin bərpası uzandıqca növbəti mövsümün hazırlığına da az vaxt qalır. Ona görə də, hesab edirəm ki, karantin çox uzadılsa, çempionatı bitirib, gələn mövsümü düşünmək lazımdır.

- 3-cü pillədəki “Keşlə”dən 10 xal geri qalırsınız, kubokdan da kənardasınız. Qalan oyunların keçirilib-keçirilməməsinin “Səbail” üçün bir fərqi varmı?
- Məncə, 3-cü yerə az da olsa ümid var. Bu üzdən çempionatın bərpası daha yaxşı olardı.

- Mövsüm bərpa olunsa belə, müqavilə müddəti gələn aya qədər olan futbolçular komandanı tərk edə bilərlər. Bu amil son turlarda sizə problem yaratmaz?
- Düzdür, futbolçular sözləşmələri bitdikdən sonra gedə bilərlər. Ancaq çempionat davam etsə, hansısa futbolçunun komandanı atıb gedəcəyinə inanmıram. Hesab edirəm ki, mövsüm bərpa olunsa, bütün oyunçular axıra qədər burada qalacaqlar.

Ruslan Sadıqov