15:59 07-05-2020
news_image
200
FUTBOL

Maykl Essyenin karyerası sual atında

“Hamı darıxır, meydana qayıtmağı gözləyir. Tez-tez bu barədə suallar verilir. Sevdiyimiz işə dönmək üçün hamımız startdayıq”.

Bunu apasport.az saytına “Səbail”in baş məşqçisi Aftandil Hacıyev deyib.

Koronavirus pandemiyası səbəbindən bir aya yaxındır Premyer Liqada yaranmış fasilə dönəmini dəyərləndirən çalışdırıcı evdə də səmərəli vaxt keçirməyə çalışır. 39 yaşlı mütəxəssis bildirib ki, sevdiyi peşə ilə başını qatmağa çalışır: “Əsasən keçmiş oyunlara nəzər yetirirəm. “İnStat” proqramında yeniliklər baş verib. Onlarla əlaqə saxladıq, yenilənmə ilə tanış olduq. Günümü yalnız maariflənməyə həsr edirəm. Kitab oxumağa çox üstünlük vermirəm. Çünki kompüter olan yerdə kitablara maraq azalıb. Axtardığın hər şeyi kompüterdə tapa bilirsən. Ancaq öz sahəmizlə bağlı kitablara hərdən müraciət edirəm”.

Aftandil Hacıyev karantin rejiminə baxmayaraq, evdə darıxmadığını vurğulayıb: “Açığı, evdə qalmaq o qədər də darıxdırıcı deyil. Uzun müddət idi məşğul ola bilmədiyim məsələlər var idi ki, onları qaydasına qoydum. Ailə və məişət məsələlərini həll etməyə çalışdım”.

Paytaxt klubunun ulduz futbolçusu Maykl Essyenin də aqibəti sual altındadır. Baş məşqçi müqavilə müddəti bitməkdə olan 38 yaşlı qanalının “Səbail”də qalıb-qalmayacağının, ümumiyyətlə, karyerasını bitirib-bitirməyəcəyinin kollektiv bir araya gəldikdən sonra bilinəcəyini deyib: “Nəinki Essyen, heç bir futbolçu ilə söhbətimiz olmayıb. Essyenin durumu da məlum deyil. Bunu onun özü ilə müzakirə etdikdən sonra vəziyyətə aydınlıq gələcək”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası XX turdan sonra dayandırılıb. “Səbail” hazırda 20 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşır.