22:17 07-05-2020
news_image
248
STOLÜSTÜ OYUNLAR

Teymur yenə qələbə qazana bilmədi, komandası uduzdu - YENİLƏNİB

FİDE tərəfindən təşkil olunan onlayn şahmat üzrə Millətlər kubokunda II dövrəyə start verilib.

Apasport.az saytının məlumatına görə, 180 min dollar mükafat fondu olan turnirin 3-cü günü VI turun qarşılaşmaları ilə yekunlaşıb.

Azərbaycan millisinin qrossmeysteri Teymur Rəcəbovun yer aldığı Dünya yığması Çinlə görüşüb. Şahmatçımız Dinq Lirenlə qarşılaşıb.

Ağ fiqurlarla oynayan Teymur yarışda ikinci məğlubiyyətini alıb. Qələbəyə həsrət olan şahmatçımız 6 turda 4 heç-heçəylə təsəlli tapıb.

Teymurun komanda yoldaşları Alireza Firuzya Yi Vey, Mariya Muziçuk Venyun Ju ilə görüşdə uduzub. Bassam Amin Yanqyi Yu ilə bərabərə qalsa da, ümumi nəticədə Dünya yığması lider qarşsıında aciz qalıb – 0,5:3,5.

Turun digər oyunlarında ABŞ Hindistanı, Avropa Rusiyanı məğlub edib. Hər iki qarşılaşmada 2,5:1,5 hesabı qeydə alınıb.

6 turdan sonra Çin liderliyini möhkəmlədib – 11 xal. Avropa 9, ABŞ 7, Rusiya 5, Hindistan və Dünya yığması 2 xala malikdir. Teymurun komandası əlavə göstəricilərə əsasən sonuncudur.

Qeyd edək ki, sabah keçiriləcək VII və VIII turda Rəcəbovun komandası öncə Hindistan, ardınca ABŞ ilə görüşəcək.

***

Saat. 18:01

FİDE tərəfindən təşkil olunan onlayn şahmat üzrə Millətlər kubokunda 3-cü oyun gününə start verilib.

Apasport.az saytının məlumatına görə, 180 min dollar mükafat fondu olan yarışın V turunda Hindistan – Rusiya, ABŞ – Çin və Dünya – Avropa cütləri üz-üzə gəlir.

Dünya yığmasının heyətində yer alan Azərbaycan millisinin şahmatçısı Teymur Rəcəbov I dövrənin son turunda Maksim Vaşye-Laqravıa görüşüb. Təmsilçimiz imtina etdiyi İddiaçılar turnirində onu əvəzləyən fransalıya qarşı ağ fiqurlarla mübarizə aparıb.

İlk 4 turda qələbəyə həsrət qalan və cəmi 1,5 xal toplayan Teymur bu görüşdə də heç-heçə ilə kifayətlənib. 

Qeyd edək ki, bu gün keçiriləcək VI turda Teymurun yer aldığı Dünya yığması Çinlə görüşəcək.