12:13 08-05-2020
news_image
5079
FUTBOL

Azərbaycanın ən yaxşı qapıçısı müəyyənləşdi – oxucularımız seçdi

Apasport.az saytı sosial şəbəkə vasitəsilə oxucuları ilə daha bir sorğu keçirib.

Futbol azarkeşləri bu dəfə müstəqil Azərbaycanda ən yaxşı qapıçını müəyyənləşdirməyə çalışıblar.

Gözlənildiyi kimi, sorğunun qalibi 2008-2018-ci illərdə Azərbaycan millisinin əsas qapıçısı olmuş Kamran Ağayev seçilib. Hazırda klubsuz olan 34 yaşlı dəri əlcək sahibi 42,22 faiz səslə əlçatmaz olub.

Ağayev ən yaxın rəqibini iki dəfədən də çox qabaqlayıb. Əsasən gənc nəslin üstünlük verdiyi yığmamızın hazırkı əsas qapıçısı Emil Balayev 20 faiz səslə ikinci yerə layiq görülüb.

İlk “üçlüy”ün son sakini müstəqilliyin ilk ilindən milliyə dəvət almış Dmitri Kramarenko olub. Rusiyada uzun müddət çıxış etmiş Kramarenko respondentlərin 11,11 faiz səsini toplayıb.

Sorğu zamanı ümumilikdə 8 qapıçıya səs verilib. Onlar arasında hətta hazırda “Sumqayıt”ın şərəfini qoruyan yığma üzvü Mehdi Cənnətov da var.

1. Kamran Ağayev - 42,22% səs
2. Emil Balayev – 20%
3. Dmitri Kramarenko - 11,11%
4. Hüseyn Məhəmmədov - 8,88%
5-6. Fərhad Vəliyev - 6,66%
5-6. Aleksandr Jidkov - 6,66%
7-8. Cahangir Həsənzadə - 2,22%
7-8. Mehdi Cənnətov - 2,22%