14:24 08-05-2020
news_image
409
FUTBOL

Qurban Qurbanovun qərarını gözləyir - Zaur Həşimov

Koronavirus pandemiyası səbəbindən Premyer Liqa dayandırılsa da, klublar vaxt itirmədən gələn mövsümün çalışmalarına başlayıb.

Apasport.az saytının məlumatına görə, “Zirə” klubunda daha bir futbolçu ilə bağlı qərar verilib.

Söhbət yarımmüdafiəçi Nicat Süleymanovdan gedir. Ötən yay “Qarabağ”dan icarəyə götürülən 22 yaşlı cinah oyunçusunun cari mövsümdəki performansı baş məşqçin Zaur Həşimovun ürəyincədir. Çalışdırıcı çevikliyi və qolçuluq bacarığı ilə diqqət çəkən U-21 millimizin üzvünü gələn mövsüm də ixtiyarında görməkdə maraqlıdır.

Lakin Süleymanovun taleyi ilə bağlı qərarı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov verəcək. Ağdam klubunun çalışdırıcısı Nicatı qaytarmaqda maraqlı olmasa, o zaman yenidən “Zirə”yə icarəyə verilməsi gündəmə gələcək.

Qeyd edək ki, Nicat Süleymanov bu mövsüm Premyer Liqada 13 oyunda 4 qol vurub.