15:41 08-05-2020
news_image
737
FUTBOL

Azərbaycan futbolunun 23 şimallısı – tarixin coğrafiyası

Azərbaycan futbol tarixinin coğrafiyasına səyahət edən “Apasport” Amerika qitəsini iki yerə bölən Panama kanalını keçərək cənubdan şimala üz tutub. Qitənin təxminən yarısını əhatə edən Şimali Amerika materiki adına uyğun olaraq futbol üçün də “şimal”dır. Söhbət uğurlar və populyarlıqdan gedir. Təkcə Avropa və Cənubi Amerika deyil, hətta Afrika ilə Asiya da daha öndə sayılır.

Şimali Amerika futbol xəritəsində Mərkəzi Amerika və Karib dənizi hövzəsini də özündə birləşdirən KONKAKAF-a daxildir. Bu zona Azərbaycan klubları üçün də yad, uzaq məkandır. Özü Cənubi Amerikada yerləşən, lakin KONKAKAF-a üzv olan Surinamı saymasaq, bu konfederasiyadan 23 futbolçu Azərbaycan Premeyr Liqasında meydana çıxıb. Onlar 10 müxtəlif ölkəni təmsil edib. Haiti 4, Kosta-Rika, Honduras, Yamayka 3, Meksika, ABŞ, Trinidad və Tobaqo, Kurasao 2, Dominikan Respublikası, Salvador 1 oyunçusunu çempionatımıza göndərib.

İlk şimali amerikalı
Azərbaycan çempionatları tarixinə nəzər salsaq, ilk şimali amerikalı kifayət qədər gec ölkəmizə qədəm basıb. Cənubi amerikalıların at oynatdığı, Afrika, hətta Asiyadan olanların çoxdan ayaq açdığı Premyer Liqa yalnız 2007/08 mövsümündə Amerikanın şimalından qonaq qəbul edib. “Standard”ın transfer etdiyi Lukas Osvaldonu həqiqətən də qonaq saymaq olar. Meksikalı cəmi 12 oyunla kifayətlənib. Onun digər həmyerlisi Edqar Paçekonun ötən mövsümdəki “Səbail” macəraları da uğursuz alınıb. O, bürünc qazanan komandada vur-tut 7 matça çıxıb.

AZAL-ın “Amerika”sı
Dünya idmanının nəhənglərindən olan ABŞ üçün futbol ikinci dərəcəli hesab edilir. Bu səbəbdən də ölkənin futbolçuları da dünya miqyasında ilk rollardan çox-çox uzaqdır. Azərbaycan çempionatında da bu öz əksini tapıb. Ölkəmizdə ilk ABŞ təmsilçisi 2012/13 mövsümündə peyda olub. Amerikanı kəşf edən AZAL iki mövsüm Con Oluremiyə güvənib. O, 41 matçda 12 qol vurmağı da bacarıb. Legionerin gedişindən iki il sonra ölkəmizə gələn ikinci və hələlik sonuncu ABŞ futbolçusu da AZAL-a üz tutub. Adam Koronado iki mövsümün 26 matçında qol həsrəti yaşayıb.

Yeganə çempion və...
Azərbaycanda çempionluq sevinci yaşayan yeganə şimali amerikalı Donald Geryedir. Haitili müdafiəçi 2017/18 və 2018/19 mövsümlərində “Qarabağ”ın heyətində qızıl medal qazanıb. Ötən yay “Nefrçi”yə keçən Donald iki Azərbaycan klubunda oynayan azsaylı şimali amerikalı olmaqla yanaşı, həm də oyun sayında materikin rekordçusudur.

... həmyerliləri
Azərbaycan Premyer Liqasında ən çox futbolçu ilə təmsil olunan Şimali Amerika ölkəsi Haitidir. Geryenin uğurlu çıxışı həmyerlilərinin də ölkəmizə yolunu açıb. Donalddan yarım il sonra “Neftçi”yə gələn Soni Mustivar “ağ-qaralar”la iki medal - gümüş və bürünc medal əldə edib. 43 oyunda 2 qol vuran Soni cari mövsümdə həmyerlisi ilə çiyin-çiyinə oynayır. Digər iki haitili “Zirə”nin tapıntıları Kerven Belfor və Soni Nordenin Azərbaycan karyerası qısa və uğursuz alınıb.

Finalın ilk iştirakçısı
2009/10 mövsümü Azərbaycan futbolu tarixinə ən dramatik finiş kimi düşüb. “Xəzər Lənkəran” son turda çempionluğu, finalda isə kuboku əldən verib. “Bakı” ilə həmin qalmaqallı finalın iştirakçısı olan Allan Lalin ölkəmizdəki ilk honduraslıdır. O, həm finalda oynamış, həm də çempionatda medal qazanan ilk şimali amerikalı kimi tarixə düşüb. İki mövsümdə 43 oyuna 11 qol vuran Lalin Premyer Liqanın gümüşü ilə kifayətlənib. 2014/15 mövsümündə AZAL Luis Ramos, cari mövsümdə “Sabah” Rocer Roxası heyətinə qatsa da, əcnəbilər ümidləri doğrultmayıb.

Ən yaxşı
Azərbaycan futbol tarixinin ən yaxşı şimali amerikalısının Uinston Parks olduğunu söyləsək, yəqin ki, yanılmarıq. Kosta-Rika millisinin sabiq üzvü 2010/11 mövsümündə “Xəzər Lənkəran”la ölkə kubokunu qazanaraq materikin Azərbaycanda titul sahibi olan ilk təmsilçisi olub. O, növbəti mövsümdə eyni uğuru “Bakı” ilə də təkrarlayıb. Kubokun ikiqat qalibi cənubluların heyətində Premyer Liqanın gümüş medalına da yiyələnib. Azərbaycanda 3 mövsüm keçirməklə şimali amerikalılar arasında rekorda şərik olan (Mustivar və Gerye ilə) Parks iki klubda oynayan ilk oyunçudur (sonradan Gerye). O, Premyer Liqadakı oyun və qol sayında materikin ən yaxşısıdır. Sonradan “Xəzər Lənkəran” Rendal Brenes, “İnter” (indiki “Keşlə”) Dieqo Madriqalı transfer edib. 2011/12 mövsümündə Rendal, növbəti iki ildə Dieqo komandasının gümüş medal qazanmasında az da olsa, pay sahibliyi edib. 

Boltun Azərbaycandakı həmyerliləri
İki çempionluq qazanan Gerye və eyni sayda kubok sahibi Parksdan başqa, yalnız bir şimali amerikalı titul əldə edib. Bu, “Keşlə”nin yamaykalı legioneri Andre Klennondur. O, iki mövsüm oynadığı paytaxt təmsilçisi ilə 2017/18 mövsümünün Azərbaycan kubokunu başı üzərinə qaldırıb. Yamaykanın da Premyer Liqada Honduras və Kosta-Rika kimi üç təmsilçisi olub. Əfsanəvi atleti Useyn Boltun dünyaya tanıtdırdığı bu kiçik ölkədən Azərbaycana gələn ilk oyunçu Akim Prestli 2009/10 mövsümündə “Muğan”da çıxış edib. Əfsanəvi Toni Adamsın “Qəbələ”yə gətirdiyi Deon Barton isə iki mövsüm keçirdiyi Premyer Liqadakı oyun və qol sayında materikin ikinci təmsilçisidir. O, yalnız Parksdan geri qalır.

Birinin soyadı, birinin özü “vinçester”
Trinidad və Tobaqo nə qədər ekzotik səslənsə də, Azərbaycan futboluna kifayət qədər tanışdır. Hələ 2005-ci ildə Azərbaycan yığması bu ölkəyə yollanaraq iki yoxlama oyunu keçirib. Bundan 12 il sonra isə ada dövlətinin iki təmsilçisi Premyer Liqada peyda olub. Comal Uilyams “Zirə”də, Sadon Vinçester “Kəpəz”də keçirdiyi 2017/18 mövsümündə heç nə ilə yadda qalmayıb.

Qəribə soyada malik və odlu silahı xatırladan sonuncu buna uyğun çıxış etməyib. Əvəzində Azərbaycanda oynamış yeganə salvadorlu Nelson Bonilya hücum xəttində əsl “vinçester” olub. 29 matçda 14 top vuran forvard Premyer Liqada bir mövsümə ən çox qol vuran şimali amerikalıdır. Mövsümün bombardiri adını da son turlarda əldən verən Nelson ölkəmizi gümüş medalla tərk edib.

Sən haralısan?
Əslində, müasir futbolda danışılması ən çətin olan mövzulardan biri legionerlər, vətəndaşlıqla bağlıdır. Çünki idmançıların da, adi insanların da bir neçə ölkənin pasportunu daşıması gündən-günə adiləşir. Üstəlik, futbolçuların milliləşməsi də, həmçinin kiçik, bəzən tam müstəqil olmayan və ya buna gec nail olanların təmsilçilərinin başqa ölkələrin də pasportuna malik olur. Elə Şimali Amerikadan da belə futbolçular olub. Kurasao yığmasının oyunçuları Rihario 2015/16 mövsümündə “Zirə”nin, Ayron Stati 2017/18 mövsümündə “Səbail”də peyda olsa da, ölkəmizdə çox qalmayıb. Niderland vətəndaşı da olan cütlükdən birincisi gümüş medal qazanılmasına töhfə də verib.

Onlardan öncə - 2012-ci ildə “İnter”ə qoşulan Hayns Barmettler Dominikan Respublikasının Azərbaycandakı ilk və son nümayəndəsidir. Amma bürünc mükafatçının heyətində cəmi iki oyuna çıxan futbolçu İsveçrə vətəndaşı da hesab olunur.

25 və daha çox oyun keçirən şimali amerikalılar
1. Uinston Parks – 54
2. Deon Barton - 49
3. Donald Gerye – 47
4. Allan Lalin - 43
5. Con Oluremi - 41
6. Nelson Bonilya - 29
7-8. Adam Koronado – 26
Andre Klennon - 26

10 və daha çox qol vuran şimali amerikalılar
1. Uinston Parks – 17
2. Deon Barton – 15
3. Nelson Bonilya - 14
4. Con Oluremi - 12
5. Allan Lalin - 11