17:45 08-05-2020
news_image
481
FUTBOL

PFL 5 dəyişikliyə “hə” dedi

Koronavirus pandemiyası səbəbindən XX turdan sonra dayandırılan Azərbaycan Premyer Liqasının qalan oyunları ilə bağlı qaydalarda dəyişikliklər ediləcək.

Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqası (PFL) klubların oyunlar zamanı 5 əvəzetmədən istifadə edə biləcəyini təsdiqləyib.

Bu barədə qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev əməkdaşımızla söhbətində məlumat verib. O bildirib ki, mövsüm bərpa ediləcəyi təqdirdə görüşlər zamanı əvəzetmələrin sayı artırılacaq: “Bununla bağlı hələ müraciət olmayanda klublara təklif etmişdik. Düzdür, biz 4 əvəzləmə düşünürdük, ancaq İFAB 5 dəyişikliyə icazə verib. Yəqin ki, qaydalardakı bu dəyişikliyi biz də təsdiqləyəcəyik. Çünki çempionat bərpa olunsa, oyunlar isti havada və sıx təqvimdə keçiriləcək”.

Şahgəldiyev onu da əlavə edib ki, Premyer Liqa bərpa olunarsa, tətbiq edilən bəzi yeni qaydalar olacaq.

Qeyd edək ki, FİFA tərəfindən irəli sürülən əvəzetmələrin sayının 3-dən 5-ə artırılması təklifini Beynəlxalq Futbol Assosiasiyaları Şurası bu gün təsdiqləyib.