22:23 08-05-2020
news_image
259
STOLÜSTÜ OYUNLAR

Ardıcıl ikinci məğlubiyyət – Rəcəbovun komandasından

FİDE tərəfindən təşkil olunan onlayn şahmat üzrə Millətlər kubokunda növbəti turlar keçirilib.

Apasport.az saytının məlumatına görə, 180 min dollar mükafat fondu olan turnirin 4-cü günü VII və VIII turun qarşılaşmaları baş tutub.

Azərbaycan millisinin qrossmeysteri Teymur Rəcəbovun yer aldığı Dünya yığması öncə Hindistanla üz-üzə gəlib. Şahmatçımız Vişvanatan Anandla qarşılaşıb.

Qara fiqurlarla oynayan Teymur yarışda üçüncü məğlubiyyətini alıb. 

Həmyerlimizin komanda yoldaşlarından Alireza Firuzya Santoş Viditə qalib gəlsə də, Xorxe Korinin Pentala Harikrişnaya uduzması, Mariya Muziçukun Harika Dronavali ilə heç-heçə etməsi asiyalıların qələbəsini rəsmiləşdirib – 2,5:1,5. 

Turun digər oyunlarında ABŞ Rusiyaya, Çin Avropa yığmasına eyni hesabla qalib gəlib. 

VIII turda Rəcəbov istirahət edib. Onun komandası ABŞ-a 1:3 hesabı ilə uduzub. Digər matçlarda Çin Rusiyanı 2,5:1,5 hesabı ilə məğlub edibsə, Avropa yığması Hindistanla heç-heçə edib – 2:2. 

8 turdan sonra Çin liderliyini möhkəmlədib – 15 xal. ABŞ 11, Avropa 10, Rusiya və Hindistan 5, Dünya yığması 2 xala malikdir. 

Qeyd edək ki, sabah keçiriləcək IX və X turda Rəcəbovun komandası öncə Rusiya, ardınca Avropa ilə görüşəcək.

***

Saat. 18:00

FİDE-nin təşkil etdiyi onlayn şahmat üzrə Millətlər kubokunda 4-cü oyun gününə start verilib.

Apasport.az saytının məlumatına görə, 180 min dollar mükafat fondu olan turnirdə VII turun oyunları keçirilir.

Günün ilk oyunlarında ABŞ – Rusiya, Hindistan – Dünya və Çin – Avropa cütləri üz-üzə gəlir. Azərbaycan millisinin qrossmeysteri Teymur Rəcəbov da turnirdə 7-ci matçına çıxıb.

Dünya yığmasında çıxış edən təmsilçimiz Vişvanatan Anandla görüşüb. Qara fiqurlarla oynayan Teymur bu dəfə də məğlubiyyətə üzülüb. 

Qeyd edək ki, Rəcəbov əvvəlki 6 turda  4-ü heç-heçəyə nail olub və 2 dəfə uduzub. Onun komandasının hesabında hələlik 2 xalı var.