22:12 11-05-2020
news_image
463
FUTBOL

Çempionlar Liqasından kənarda qala bilər - Azərbaycan çempionu

UEFA avrokubokların gələn mövsümü ilə bağlı bir neçə variantı nəzərdən keçirir.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ehtimallardan biri də təsnifat mərhələlərinin baş tutmamasıdır.

Belə olarsa, Azərbaycan klubları 2020/21 mövsümündə avrokuboklara qatıla bilməyəcəklər. Lakin qitə futbol qurumu bunu ən son variant hesab edir.

Koronavirus pandemiyasının yayılması səbəbindən təqvimdə sıxlığın yarandığını nəzərə alan UEFA Çempionlar Liqası və Avropa Liqasında seçmə mərhələlərin bir oyundan ibarət keçirilməsini qərara ala bilər. Digər variant qrup mərhələsində təmsil olunanlar istisna olmaqla, çempionları Çempionlar Liqasında yer almayan ən yaxşı 12 ölkə klublarının seçmə mərhələdə bir matçlıq sistemlə qarşılaşmasıdır.

Avropa Liqası ilə bağlı vəziyyət bir qədər fərqlidir. Qurumun bu turnirdəki seçmə mərhələləri 1 oyundan ibarət təşkil etməsi gözlənilir.

UEFA İcraiyyə Komitəsi mayın 27-də üzv federasiyalarla videokonfrans keçirəcək. Məhz həmin görüş zamanı növbəti mövsümün planları müzakirə olunacaq.

Qeyd edək ki, avrokuboklarda 2020/21 mövsümünün qrup mərhələsinin oktyabrın 20-də başlaması gözlənilir.