13:29 12-05-2020
news_image
786
TOP OYUNLARI

“Apasport” ən yaxşıları açıqladı, AVF narazılıqdan qaçdı

Voleybol üzrə Azərbaycan çempionatının rəmzi komandaları müəyyənləşib.

Apasport.az saytı koronavirus pandemiyası üzündən yarımçıq dayandırılan, Azərbaycan Voleybol Federasiyasının (AVF) qərarı ilə ləğv edilən kişilərin Yüksək Liqa və qadınlar arasında Super Liqanın ən yaxşılarından ibarət komandanı tərtib edib.

Ölkə çempionatını yaxından işıqlandıran saytımızın ekspert qrupu həm də ən yaxşıların adlarına aydınlıq gətirib.

Ləğv edilən Super Liqanın dayanan ana qədər lideri olan “Azərreyl”in sloveniyalı legioneri, həmçinin kapitanı Moysa Pene çempionatın ən dəyərli oyunçusu seçilib. MVP adına layiq görülən hücumçu rəmzi komandada da yer alıb.

“Yeddiliy”ə “Azərreyl”ın daha iki üzvü daxil edilib. Bunlar Kseniya Pavlenko və Nbayedir. Çempionat dayananda ilk “üçlük”də qərarlaşan “Abşeron”la “Mübariz” isə rəmzi komandaya bir oyunçu verib. Müvafiq olaraq Mariam və Bəyaz Əliyeva ən yaxşılar sırasına düşüb.

Super Liqada 4-cü olan “Murov”un isə iki voleybolçusu rəmzi komandaya daxil olub. Bunlar Olya Vlasova ilə İlhamə Əliyevadır. Turnir cədvəlinin ikinci yarısında qərarlaşan komandanın oyunçularının belə fərqlənməsi voleybolçuların fərdi uğurudur. Çünki kifayət qədər yaxşı heyətə malik komandanın Super Liqada fiaskoya uğraması oyunçular deyil, məşqçi işinin qənaətbəxş olmaması ilə izah edilməlidir.

Hər halda, millinin baş məşqçisi Vasif Talıbovun rəhbərlik etdiyi komanda daha yüksək nəticələr qazanmalı idi. Bu uğursuzluğun nəticəsidir ki, rəmzi komandanın, yəni mövsümün ən yaxşı baş məşqçisi adına onun yığmadakı köməkçiləri daha layiqdir. Ən yaxşının kimliyini müəyyənləşdirmək üçün isə Famil Ağayevlə (Azərreyl) Eldar Yusubov (Abşeron) arasında seçim etmək lazımdır. Yarış dayanana qədər ilk iki sırada yer alan komandaların çalışdırıcılarının hər ikisi bu ada layiqdir. Amma lider olan Ağayev bir qədər keyfiyyətli oyunçulardan ibarət komanda ilə bunu bacarıbsa, Yusubov “Azərreyl”lə müqayisədə daha zəif heyətlə çempionluğa iddialı kollektiv qurub.

Super Liqanın rəmzi komandası
Oyun qurucusu:
Olya Vlasova (Murov)
Diaqonal oyunçu: Mbayanq Sek (Azərreyl)
Orta oyunçu: Kseniya Pavlenko (Azərreyl)
Orta oyunçu: Mariam Qaprindashvili (Abşeron)
4-cü zona: Moysa Pene (Azərreyl)
4-cü zona: İlhamə Əliyeva (Murov)
Libero: Bəyaz Əliyeva (Mübariz)
MVP: Mojsa Pene (Azərreyl)
Baş məşqçi: Eldar Yusubov (Abşeron)

Kişilərin Yüksək Liqasında da liderin üzvü ən yaxşı adına layiqdir. Bu, “Murov”un hücumçusu Pərviz Səmədovdur. Həm də rəmzi komandaya daxil edilən diaqonal oyunçusu liderin buradakı üç təmsilçisindən biridir. Onunla yanaşı, Aleksey Çervyakov və Aqil Ağazadə də özünü yaxşı tərəfdən göstərib.

Yüksək Liqada ikinci pillədə qalan “Neftçi”nin rəmzi komandadakı yeganə təmsilçisi Elmin Alışanovdur. Sonrakı üç yerin sahiblərinin də hərəsinin bir üzvü “yeddiliy”ə layiq görülüb. MOİK-dən Yeqor Nikulenko, “Azərreyl”dən Fərhat Cenkel, “Xilasedici”dən isə Əli Şahbazi “Apasport”un diqqətini çəkib.

Çempionat dayandırılan an 3-cü sırada qərarlaşan “Xilasedici” rəmzi komandada bir oyunçu ilə təmsil olunsa da, baş məşqçisi Cəlil Cəlilov mövsümün ən yaxşısı sayılıb. Bu da səbəbsiz deyil.

“Xilasedici” ləğv olunan çempionatın potensial çempionu sayılır. Özündən öndə qərarlaşan “Murov” və “Neftçi”dən bir oyun az keçirən Cəlilovun komandası həmin matçdakı mümkün qələbə ilə liderliyi qaytara bilərdi.

Hərçənd “Xilasedici”nin zirvəni tərk etməsi də voleybol ictimaiyyətində birmənalı qarşılanmayıb. Çempionatın koronavirus üzündən dayanacağı gözlənilən vaxtda iki görüş təşkil olunub. Autsayder “Sərhədçi”ni 3 setdə məğlub edən “Murov” zirvəni ələ keçiribsə, MOİK-ə 2:3 hesabı ilə uduzan “Neftçi” ikinciliyə yüksəlib. Həmin gün meydana çıxmayan “Xilasedici” bununla bir müddət mövcud olan qızılla gümüş ehtimalından uzaq düşüb. Məsələ ondadır ki, həmin vaxt Yüksək Liqanın nəticələrinin tanınması ehtimal edilirdi. Hətta martın 13-dəki görüşlərdə “Murov”la “Neftçi”yə ilk iki pilləni ələ keçirmək imkanının bilərəkdən yaradıldığı da iddia olunur. Lakin çempionat dayanan ana olan nəticələrin yekun kimi tanınması zamanı ciddi narazılıqların yaranma ehtimalından çəkinən AVF ləğv qərarına üstünlük verib.

Yüksək Liqanın rəmzi komandası
Oyun qurucusu:
Aleksey Çervyakov (Murov)
Diaqonal oyunçu: Pərviz Səmədov  (Murov)
Orta oyunçu: Elmin Alışanov (Neftçi)
Orta oyunçu: Yeqor Nikulenko (MOİK)
4-cü zona: Əli Şahbazi (Xilasedici)
4-cü zona: Aqil Ağazadə (Murov)
Libero: Fərhat Cenkel (Azərreyl)
MVP: Pərviz Səmədov (Murov)
Baş məşqçi: Cəlil Cəlilov (Xilasedici)