16:46 12-05-2020
news_image
655
FUTBOL

Azərbaycanda qalmaq istəmir - Araz Abdullayev

Azərbaycan millisinin futbolçusu Araz Abdullayev yenidən legioner həyatı yaşaya bilər.

Apasport.az saytının məlumatına görə, “Qarabağ”da icarə əsasında çıxış edən 28 yaşlı yarımmüdafiəçi mövsümün sonunda Ağdam klubunu tərk edəcək.

Abdullayev müqavilə ilə məxsus olduğu “Panionios”a da dönməyəcək. Çünki onun Yunanıstan təmsilçisi ilə sözləşmə müddəti gələn ayın sonuna qədərdir. Cinah oyunçusu həmin vaxt azad agent statusu almasına baxmayaraq, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov onunla əməkdaşlığın davam etdirilməsində maraqlı deyil.

Düzdür, Arazla Premyer Liqanın bir neçə klubu maraqlanır. Lakin futbolçu özü Azərbaycanı yenidən tərk etmək, legioner həyatı yaşamaq arzusundadır. Bu üzdən meneceri ilk olaraq ölkə xaricindəki variantları nəzərdən keçirəcək. Çünki Azərbaycanda qalacağı təqdirdə istədiyi məvacibi ala bilməyəcək. Nə “Qarabağ” hazırkı şərtlərlə onun sözləşməsini uzatmağı düşünür, nə də digər komandalar futbolçuya indiki maaşını ödəmək iqtidarındadırlar.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Araz Abdullayev 2018-ci ilin yayından icarə əsasında “Qarabağ”da çıxış edir.