17:07 13-05-2020
news_image
463
FUTBOL

“Uzaqbaşı dövlətə 100 manat pul keçirəcəkdilər” – “Qarabağ”ın Ağdama səfəri barədə

“Qarabağ” Ağdama səfəri zamanı karantin qaydalarını pozmayıb”.

Bunu apasport.az saytına Milli Məclisin deputatı Aqil Abbas deyib.

67 yaşlı əməkdar jurnalist “Qarabağ”ın bu günlərdə xeyriyyə məqsədilə Ağdama səfərinə münasibət bildirib. Karantin rejimi dönəmində klub rəsmilərinin, eləcə də baş məşqçi Qurban Qurbanov və futbolçuların səfəri idman ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.

Lakin Aqil Abbas bunu gündəmə gətirənlərin “Qarabağ”ı sevməyən şəxslər olduğunu söyləyib. O, həm də Ağdamda koronavirus pandemiyasının aşkar olunmadığını vurğulayıb: “Ümumiyyətlə, rayonların çoxunda bu xəstəliyə yoluxma yoxdur. İcazə alıb, xeyirxah iş üçün yardım aparıblar. Ən əsası yerli camaatla görüşməyə getmişdilər. Uzaqbaşı karantini pozduğu üçün hərəsi dövlətə 100 manat pul keçirəcəkdi. Amma rəsmi icazə alıb getmişdilər. Buna müxtəlif don geydirmək düzgün deyil. Belə şeyləri kimlərsə gündəmi dəyişmək üçün ortaya atırlar. Onlar “Qarabağ”ı sevməyənlərdir. Ağdam camaatının komandanı necə qarşıladığını hər kəs gördü. Oradakı insanlara heç yardım lazım deyildi. “Qarabağ” komandasının gəlişi özü mənəvi yardım, sevinc idi ki, bizi unutmadılar”.

Qeyd edək ki, “Qarabağ”ın Ağdama səfəri zamanı bir neçə yerli futbolçu yollanıb.