10:27 14-05-2020
news_image
260
FUTBOL

“Çempionat bərpa edilsin ki, bəhanələri kəsilsin” - Vadim Vasilyev

“Premyer Liqada cəmi 8 tur qalıb. Pley-offa və ya başqa sistemə ehtiyac yoxdur”.

Bunu apasport.az saytına Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev deyib.

“Neftçi”dəki çıxışı ilə məşhurlaşan 48 yaşlı mütəxəssis koronavirus pandemiyası səbəbindən dayandırılan Premyer Liqanın bərpa olunmasının vacibliyindən danışıb. Keçmiş hücumçu əks təqdirdə söz-söhbətin yaranacağını düşünür: “Premyer Liqa mütləq bərpa olunmalıdır. Burada təkcə 1-ci və 2-ci yerin yox, 3-4-cü pillələrin sahiblərinin, eyni zamanda kimin sonuncu olacağının da önəmi var. Çempionat sona qədər keçirilsin ki, heç kimin ürəyində xal qalmasın. Mövsüm yarımçıq başa çatdırılsa, klublar deyəcəklər ki, biz güclənmişdik, yüksək yer tutardıq və s. Yəni çox söz-söhbət yaranacaq. Amma oynasalar, hər şey meydanda aydınlaşdırılacaq, bəhanələri kəsiləcək. Onsuz da heç kim məşq etməyib, hamı eyni vəziyyətdədir”.

Vasilyev mövsüm bərpa edildikdən sonra da koronavirus infeksiyasının yayılma təhlükəsi olacağını bildirib. O, bunun qarşısının alınması üçün məsləhət də verib: “Koronavirusla bağlı risk var. Çünki söhbət təkcə futbolçulardan getmir. Baza işçisindən masajçısına qədər hamı nəzarətdə olmalıdır. Onların hamısı hər oyundan əvvəl testdən keçməlidirlər. Buna kifayət qədər pul xərclənəcək. Güzəştin olub-olmayacağını bilmirəm. Futbolçuların oyundan, məşqdən sonra evə getməsi var. Həm özləri, həm də evdəkilərinin yoluxma riski yarana bilər. Məncə, çempionatın bərpasından sonra 2 aylıq toplanış kimi bazada qalsalar yaxşıdır. Belədə həm də daha tez forma yığarlar. Bədən 72 saata bərpa olunur. Dörd gündən bir oyun keçirərək, rahatlıqla mövsümü yekunlaşdırmaq olar”.

Qeyd edək ki, XX turdan sonra mart ayında dayandırılan Premyer Liqanın iyunun ilk yarısında bərpası planlaşdırılır.