09:49 15-05-2020
news_image
363
FUTBOL

Zubir “Qarabağ”da qalır? – danışıqlar başladı

“Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubirin gələcək taleyi qeyri-müəyyəndir.

Apasport.az saytının məlumatına görə, fransalı futbolçu karyerasını harada davam etdirəcəyinə hələ qərar verməyib.

29 yaşlı hücumameyilli oyunçunun qalmasının tərəfdarı olan Ağdam təmsilçisi ona yeni müqavilə də təklif edib. Hazırda tərəflər arasında danışıqlar davam edir. Mərakeş əsilli futbolçu ölkəyə uyğunlaşdığı üçün qalmağın əleyhinə deyil. Lakin maraqlı yeni çağırışa da “yox” deməyəcək.

Zubir avrokuboklarda müntəzəm çıxış edən ölkəsinin iddialı komandalarından gələcək təklifi nəzərdən keçirmək istəyir. Türkiyə və Fransanın aşağı liqa klublarına keçməkdən imtina edən futbolçunun hazırda “Qarabağ”da qalmaq ehtimalı daha yüksək görünür. Çünki digər ölkələrdən gələn təkliflər maliyyə baxımdan “Qarabağ”da qazandığından elə də fərqlənmir.

Qeyd edək ki, 2018-ci ildən “Qarabağ”ın formasını geyinən Abdullah Zubirin müqavilə müddəti iyunun sonuna qədərdir.