17:42 15-05-2020
news_image
138
STOLÜSTÜ OYUNLAR

Rəcəbovun “komandası”ndan ikincilik

FİDE şahmatçıların reytinq siyahısı ilə bağlı maraqlı statistika dərc edib.

Apasport.az saytının məlumatına görə, qurum eyni ildə anadan olanlardan ibarət rəmzi komandalar quraraq onları orta reytinqinə əsasən sıralayıb.

Hər komandada həmin təvəllüdlü 5 ən yaxşı qrossmeyster yer alıb. Planetin ən yaxşı zəka sahibləri 1990-cı il təvəllüdlülərdir.
Maqnus Karlsen (Norveç, 2863), Yan Nepomnyaşi (Rusiya, 2784), Maksim Vaşye-Laqrav (Fransa, 2778), Sergey Karyakin (Rusiya, 2752) və Dmitri Andreykin (Rusiya) ümumilikdə 2780,6 əmsala malikdir. Karlsen və həmyaşıdları XXI əsrin hər ili üçün tərtib olunan siyahılarda mütləq rekorda imza atıb. İndiyədək heç vaxt eyni təvəllüdlü “beşlik” belə yüksək əmsala malik olmayıb. Ümumilikdə isə 1990-cı illər 2013-cü ildən başlayaraq ardıcıl 8 dəfə ən yaxşı olub. Onlar hətta 2011-ci ildə də hamını qabaqlayıb.

İkinci sırada isə “1987-lər”dir. 2012-ci ilin “çempionu” olan bu yaşlı şahmatçıların lideri Azərbaycan təmsilçisi Teymur Rəcəbovdur – 2765. Onun həmyaşıdları Hikaru Nakamura (ABŞ, 2736), Nikita Vituqov (Rusiya, 2722), Radoslav Voytaçek (Polşa, 2719), Yevgeni Tomaşevskidən (Rusiya, 2706) ibarət komandanın əmsalı 2728,6-ya bərabərdir.

İlk “üçlüy”ü 1983-cü illər tamamlayır. Aleksandr Qrişuk (Rusiya, 2777), Lenyer Dominqes Peres (ABŞ, 2758), Dmitri Yakovenko (Rusiya, 2684), Qabriel Sarqsyan (Ermənistan, 2682), Etyen Bakrodan (Fransa, 2673) ibarət “beşlik” 2714,8 əmsala malikdir.