09:15 16-05-2020
news_image
73
DİGƏR NÖVLƏR

Tamaşaçılar nə vaxt “Formula-1”ə qayıdacaq?

Koronavirus pandemiyası üzündən hələ start götürməyən, lakin ilk mərhələlərinin tamaşaçısız keçirilməsi planlaşdırılan “Formula-1” üzrə dünya çempionatının nə vaxt tribunaların qapısını aça biləcəyi mümkün tarix bəlli olub.

Apasport.az saytının məlumatına görə, Rusiya Qran-Prisi tamaşaçılar qarşısında keçiriləcək ilk mərhələ ola bilər.

Bunu “Rusiya yürüşləri”nin baş direktoru Aleksey Titov açıqlayıb. O bildirib ki, yarışın öncədən nəzərdə tutulduğu kimi sentyabrın 27-də baş tutması planlaşdırılır. Titov Soçidəki mərhələnin tamaşaçılar önündə təşkil oluna biləcəyini də vurğulayıb.

Rusiyalı qurum rəsmisi təqvimə də toxunub: “Təqvimlə bağlı bütün yazılan ehtimallar “Formula-2” və “Formula-3” komandalarının düşüncələridir. “Formula-1”də isə yalnız bir şey dəqiqdir. Avstriyadakı yarışlar iyulun 5-də və 12-də keçiriləcək. Bu iki mərhələdən sonra barədə detallı anlayış yoxdur”.