11:47 16-05-2020
news_image
642
FUTBOL

“Qarabağ” Ukraynada medallar uğrunda mübarizə apara bilər” - Roman Qriqorçuk

“Azərbaycan və Qazaxıstanda futbolun həm ümumilikdə idmanın, həm də ayrılıqda futbolun inkişafı və populyarlığı üçün çox iş görülür. İnfrastrukturu buna uyğunlaşdırır, oyunun populyarlaşması üçün informasiya kampaniyaları aparılır”.

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçuk deyib.

Ölkəmizi tərk etdikdən sonra Qazaxıstan “Astana”sında işləmiş ukraynalı mütəxəssis vətənində verdiyi müsahibədə legioner kimi çalışmağından danışıb, bu ölkələrin futbolu barədə fikirlərini açıqlayıb: “Amma demək olmaz ki, Azərbaycanda futbol bir nömrəli idman növüdür. Ölkədə fərdi idman növləri - əlbəyaxa döyüş növləri yaxşı inkişaf edib. Yerli idmançılar beynəlxalq arenada kifayət qədər uğurludur. Azərbaycanla Qazaxıstanda futbolun səviyyəsi kifayət qədər sanballıdır. Əgər aparıcı klublar “Kayrat”, “Astana” və “Qarabağ”ı götürsək, onlarda ideal şərait var və Ukrayna çempionatının medalları uğrunda mübarizə apara bilər. Deməzdim ki, bu ölkələrdə zəif komandalar var. Hamısı yaxşı təmin edilib. Heyətin komplektləşməsi üçün hər cür imkan var. Ukrayna çempionatı ilə müqayisə etsək, ciddi fərq görmürəm. Yalnız “Şaxtyor” və “Dinamo” fərqlənir”.

Qriqorçuk iki ölkədəki oyun üslubuna da toxunub: “İndi artıq insanlar futbolda daha çox şey bilir və bacarır. Primitiv futbol oynayan komanda tapmaq olmaz. Hər klub inkişaf etmək istəyir və qarşısına iddialı hədəflər qoyur. Bu üzdən demək olmaz ki, hardasa futbol zəifdir. Hər komandanın öz dəst-xətti, öz siması var”.

Mütəxəssis ölkə xaricindəki fəaliyyətindəkindən qazandığı təcrübəni önə çəkib: “Çox şey öyrəndim. Təcrübəli ifadəsini işlədərdim. Ölkəsində lider olan komandalarla çalışdım. Öz ideyalarımı reallaşdırdım. Mədəniyyət, məişət, insanların fəlsəfəsinin fərqləndiyi ölkələrdə işləməklə təcrübə qazandım. Bu, məni məşqçi və insan kimi zənginləşdirdi”.