23:29 17-05-2020
news_image
106
STOLÜSTÜ OYUNLAR

“Üçlüy”ə düşə bilmədi - Şəhriyar Məmmədyarov

İlk dünya çempionu Vilyam Steynitsin xatirəsinə həsr olunan onlayn şahmat üzrə beynəlxalq turnirə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, 10 şahmatçının dairəvi sistemlə iki dövrədə mübarizə apardığı turnirin sonuncu – 3-cü günündə 6 tur keçirilib.

İlk iki günün hər birini 3,5 xalla tamamlayan Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov son bölümə uğursuz başlayıb.

Qara fiqurlarla rusiyalı Peter Svidlerə uduzan təmsilçimiz ardınca iki oyunu ağlarla keçirib. Vyetnamlı Liem Le Quanqa qalib gələn, ABŞ təmsilçisi Ceffri Xionqla xalı yarı bölən şahmatçımız yenə “qaralar”la büdrəyib. O, ukraynalı Anton Korobova da uduzub. İspaniyalı David Anton Quiyaroyla ağ fiqurlarla heç-heçə edən Məmmədyarov son turda autsayder rusiyalı Aleksandr Qrişuka ikinci dəfə məğlub olub.

Beləliklə, günü 2 xalla bitirən Şəhriyar 18 turda 9 xal toplayıb. O, yekunda 4-cü olub.

Qeyd edək ki, turnirin qalibi adına dünya çempionu Maqnus Karlsen yiyələnib. Norveçli 12 xal toplayıb. 2-ci yeri rusiyalı Danil Dubov tutub – 10 xal. İlk “üçlüy”ü yarım xal geri qalan onun həmyerlisi Peter Svidler qapayıb.