09:00 18-05-2020
news_image
4125
FUTBOL

"Əvvəlki səviyyəyə qayıtmaq çətin olur” - “Qarabağ”a keçməyinə peşmandır

“Almaniyaya gənc yaşda gəldim, güclü klublarda oynadım. Bu baxımdan “Köln”ün yeri başqadır”.

Apasport.az saytının məlumatına görə, bunu III Bundesliqa təmsilçisi “Valdhof” klubunun qapıçısı Miro Varvodiç deyib.

31 yaşlı xorvatiyalı qolkiper Almaniya mətbuatına geniş müsahibəsində Azərbaycanda keçirdiyi dönəmi də yada salıb. O, “Qarabağ”a keçməklə səhv addım atdığını etiraf edib: “Köln”də olarkən Bundesliqada oynayırdım. Orada özümü evimdəki kimi hiss edirdim. Oradan Çempionlar Liqası və Avropa Liqasında oynamaq üçün Azərbaycanın ən güclü klubu olan “Qarabağ”a keçdim. İndi keçmişə boylananda düşünürəm ki, Avropa səhnəsində qalsaydım, bəlkə daha yaxşı olardı. Çünki oradan ayrıldıqdan sonra əvvəlki səviyyəyə qayıtmağın çətin olduğunu gördüm”.

Varvodiç formasını geyindiyi bütün klublar barədə müsbət düşüncədə olduğunu söyləyib: “İlk klubum olan Split “Hayduk”u mənim üçün xüsusi olaraq qalır. “Köln” və “Qarabağ” kimi böyük klublarda isə hər şey maşın kimi işləyir. Orada olanda heç nəyin fikrini etməyə ehtiyac qalmır, yalnız futbolla maraqlanırsan. Oynadığım hər klubun özünəməxsus xüsusiyyətləri var”.

Xorvatiyalı qolkiper Bakıda maraqlı insanlarla tanış olduğunu vurğulayıb: “Orada insanlarla dost oldum. Ancaq Azərbaycanda həyat Avropadakından çox fərqlidir. Böyük liqalarda oynayanda xəyalınızı yaşayırsınız və bunu izah etmək çətindir. Oynayırsınız, məşq edirsiniz, səyahət edirsiniz, bunlardan zövq alırsınız. Mənə görə, futbolla bağlı hər şey insana zövq verir”.

Qeyd edək ki, Miro Varvodiç 2012/13 mövsümündə ölkəmizdə “Qarabağ”ın formasını geyinib.