09:39 18-05-2020
news_image
259
FUTBOL

“Azərbaycana getməkdənsə...” - “Derri Siti”nin baş məşqçisi

“İyulun 20-dən yeni mövsümə başlamalıyıq. Qeyri-adi vəziyyətlə üz-üzə qalmışıq. Bütün klubların yaşaması üçün çalışmalıyıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Derri Siti”nin baş məşqçisi Deklan Divayn deyib.

Koronavirus pandemiyasının futbola böyük ziyan vurduğunu söyləyən şimali irlandiyalı mütəxəssis gələn mövsüm avrokubokların çətin keçəcəyini düşünür. 46 yaşlı məşqçi uzun səfərlərin qarşısının alınması üçün UEFA-ya seçmə mərhələləri bölgələrə ayırmağı məsləhət görüb: “Fikrimcə, avqust və sentyabr aylarında avrokubokları 3 zonaya bölmək lazımdır. Belədə uzun səfərlərin qarşısı alınar, mövsümü başa vurmaq çətinləşməz. Çünki indi bütün klublar maliyyə cəhətdən problemlə üzləşib. Əminəm ki, “Linfild”, “Kolreyn” və ya “Kruseyders” avrokuboklar zamanı Latviya və ya Azərbaycana getməkdənsə, yaxın ölkələrə səfəri üstün tutar. Bunu niyə UEFA-ya təklif etmirik? Bu halda çətin periodu geridə qoya bilərik”.

Qeyd edək ki, Deklan Divaynın çalışdırdığı “Derri Siti” İrlandiya çempionatında 4-cü yeri tutub və Avropa Liqasının I təsnifat mərhələsində iştirak hüququ qazanıb.