13:19 20-05-2020
news_image
145
FUTBOL

La Liqa şərtləri açıqladı – mövsümün bərpası üçün

İspaniya La Liqasında oyunların bərpası üçün klublara qoyulan şərtlər açıqlanıb.

Apasport.az saytının məlumatına görə, liqa rəhbərliyi komandaları əməl etməli olduqları təlimatlarla tanış edib.

Plana əsasən, matçlardan 24 saat əvvəl bütün futbolçular koronavirus testindən keçəcək, oyunöncəsi temperaturları yoxlanılacaq. Bundan başqa, stadionlar “yaşıl” və “mavi” bölgə kimi iki yerə bölünəcək. “Yaşıl” bölgədə meydandakı 22 futbolçu, ehtiyatdakı 18 oyunçu, 16 nəfər məşqçi korpusu, həkim heyəti, “Qırmızı Xaç”ın 6 nümayəndəsi, 6 polis və ya təhlükəsizlik işçisi, oyuna təyinat alan 5 nümayəndə və 4 topdaşıyanlar yer ala biləcək. Həmçinin televiziya rəsmilərinə, VAR operatorlarına və ot örtüyünün nəzarətçilərinə də icazə veriləcək.

Hər komandaya meydana girmək üçün fərqli vaxt veriləcək. Əvvəlcə meydan sahibləri meydana girəcək, həmin vaxta qədər komandanın avtobusunda gözləyəcək. Qonaqlar da bundan sonra stadiona daxil olacaqlar.

Qonaq komandalar yalnız öz təyyarələri və ya xüsusi rels kimi qatarla səyahət edə biləcəklər. Qaldıqları otellərdə təcridə diqqət yetirəcəklər.

“Mavi” bölgədə isə klub rəsmiləri və televiziyanın digər işçilərindən ibarət 103 nəfər olacaq. Stadiona yalnız yayım hüququna malik olan televiziya nümayəndələri və yerli media işçiləri buraxılacaq.

Ümumilikdə oyun vaxtı arenalarda maksimum 197 nəfər yer ala biləcək.