17:51 20-05-2020
news_image
499
FUTBOL

“Keşlə”nin Meza Kolliyə şərti – rumınlar da istəmir

İcarə əsasında “Keşlə”də çıxış edən Sezar Meza Kolli komandada qala bilər.

Apasport.az saytının məlumatına görə, Bakı klubu paraqvaylı futbolçunu saxlamaq niyyətindədir.

“Keşlə” hazırda müqavilə ilə Krayova “Universitatya”sına məxsus olan 29 yaşlı hücumameyilli oyunçuya müqavilə də təklif edib. Lakin bunun üçün Meza Kolli yayda azad agent statusu daşımalıdır. Onun Rumıniya klubu ilə sözləşmə müddəti gələn ilin yayına qədərdir. “Keşlə” rəhbərliyi də futbolçunun “Universitatya”dan transfer vərəqəsini özünün almasını istəyir. Çünki bakılıların bu transfer qarşılığında təzminat ödəmək fikri yoxdur.

Həmçinin Rumıniya klubu Sezarı qaytarmaqda maraqlı deyil. Buna səbəb həm heyətdə ona yer olmaması, həm də yüksək məbləğdə maaşa qol çəkməsidir. “Universitatya” “transfer pəncərəsi” açıldıqdan sonra hər hansı bir klubdan təklif gəlməsə, Meza Kolli ilə müqaviləni qarşılıqlı razılıqla pozmağı planlaşdırır.

Futbolçu özü də karyerasını Azərbaycanda davam etdirmək fikrindədir. Azərbaycan vətəndaşlığını almağa hazırlaşan Meza Kollinin gələn mövsümdən Premyer Liqada yerli statusunda çıxış etməsi gözlənilir. Milliyə çağırılmaq üçün ölkə daxilində qalmaq istəyən yarımmüdafiəçi koronavirus pandemiyası səbəbindən dayandırılan çempionatlar bərpa olunduqdan sonra Rumıniya klubu ilə müqavilənin ləğvi üçün danışıq aparacaq.

Qeyd edək ki, Sezar Meza Kolli “Universitatya”da keçirdiyi yarım mövsüm və kiçik fasilələri nəzərə almasaq, 2013-cü ildən Azərbaycan çempionatında oynayır.