22:40 20-05-2020
news_image
216
FUTBOL

PFL Azərbaycandakı vəziyyəti izah edib - EPFL-in videokonfransında

Bu gün Avropa Peşəkar Futbol Liqalarının (EPFL) koronavirus pandemiyası dönəmində sayca 3-cü videokonfransı keçirilib.

Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının texniki idman şöbəsinin rəisi Elgiz Abbasov məlumat yayıb.

Bildirilib ki, 51 nəfərin iştirak etdiyi konfransda Avropada liqalar üzrə hazırkı vəziyyət haqqında məlumat verilib, optimal yenidən başlamaq ssenariləri barədə üzv liqaların planları nümayiş etdirilib. PFL də öz növbəsində vəziyyəti açıqlayıb, hadisələrin tezliklə müsbətə doğru dəyişəcəyinə ümid etdiyini vurğulayıb.

PFL rəsmisi əlavə edib ki, digər maraqlı məlumat "transfer pəncərəsi" və oyunçu müqavilələri ilə bağlıdır: "Hazırda müzakirə edilən ssenariyə əsasən yay transfer dövrü 12 həftə davam etdiyi üçün ən tez 12 iyulda başlayıb, 5 oktyabrda qurtara bilər. Çünki 1 oktyabr növbəti mövsüm UEFA klub yarışlarına vəsiqə əldə etmək üçün keçirilən təsnifat mərhələsində son pley-off oyun günü, ondan 2 həftə sonrası isə yarışların başlama tarixi kimi nəzərdə tutulur. Ancaq FİFA qaydalarına əsasən "transfer pəncərəsi" çempionat tam başa vurulduqdan sonra açıla bilər. İndiki halda liqaların nəzərdə tutulan tarixədək başa vurulmasını ehtimal etmək çətindir, çünki situasiya hər an dəyişə bilər. Hər bir halda yaxın vaxtlarda UEFA-nın bu tip problemləri özündə birləşdirən və üzv assosiasiyaların ümumi marağı fonunda hazırlanan bir bəyanat yayacağı bildirildi".

Konfransda FİFA-da yaradılan işçi qruplarda yer alan EPFL nümayəndəsi də çıxış edib. O, hazırda qurumun milli komandaların oyun cədvəli üzərində çalışdığını bildirib. Burada gedən müzakirələrə əsasən, FİFA sentyabr və oktyabr ayında milli komandaların qarşılaşmasını keçirməməyi, əvəzində noyabr və dekabr aylarında ümumilikdə 10 oyun günündən ibarət bir qrafik hazırlamağı düşünür. Amma digər hər məsələ kimi, bu da ölkələrdəki vəziyyətdən asılıdır.

EPFL üzv liqaları arasında çempionatlarını davam etməsi rəsmiləşən ölkələr bunlardır: Avstriya – 2 iyun, Almaniya – 16 may, Çexiya – 25 may, Danimarka – 28 may, İsrail – 30 may, Litva – 30 may, Norveç – 16 iyun, Portuqaliya – 4 iyun, Polşa – 29 iyun, Rusiya – 21 iyun, Serbiya – 30 may, Türkiyə - 12 iyun.

Belçika, Fransa, Niderland və Şotlandiyada isə mövsüm tamamlanmadan başa vurulub.

Qeyd edək ki, UEFA-nın təqvim hazırlanması üzrə fəaliyyət göstərən işçi qrupunda hazırda yalnız bir ssenari üzərində danışıqlar aparılır: yerli çempionatlar avqustun əvvəlinə kimi (dəqiq gün yoxdur) tamamlanır, UEFA 2019/20 mövsümünün yarım qalan yarışlarını isə avqustun sonuna kimi başa çatdırır. Qitə səviyyəli 2020/21 klub yarışlarına seçmə mərhələlərin avqustun əvvəlindən etibarən başlanılması planlaşdırılır.