14:52 21-05-2020
news_image

Karateçilərimizin lisenziyasının ləğvi müzakirəyə çıxarılacaq – federasiya prezidenti

“Mənə məktub dünən gəlib, hələ tərcümə elətdirməmişəm. Bu səbəbdən nə özüm məlumatlıyam, nə də bir fikir deyə bilərəm”.

Bunu apasport.az saytına Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov deyib.

Federasiya rəhbəri Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək karateçilərin müəyyənləşməsi sistemində edilən dəyişikliyə münasibət bildirib. O, bununla bağlı gələn məktubu hələ oxumadığını söyləyib. Bəşirov Ümumdünya Karate Federasiyasının İdarə Heyətinin videokonfransının keçiriləcəyini və bir çox məsələnin müzakirəyə çıxarılacağını vurğulayıb.

Yaşar Bəşirov məhz həmin toplantıda Avropa və Ümumdünya Karate Federasiyasının prezidenti Antonio Espinoza ilə danışacağını deyib: “İclasda onunla söhbətimiz olacaq. 2023-cü ildə Polşada keçiriləcək III Avropa Oyunları barədə müzakirə aparacağıq. Çünki həmin ölkədə bəzi problemlər var. Həmçinin noyabrda Dubayda baş tutmalı olan dünya çempionatının keçirilib-keçirilməyəcəyi də sual altındadır. Eyni zamanda, İsveçə verilən gələnilki Avropa çempionatı ilə bağlı son duruma nəzər yetiriləcək”.

Qeyd edək ki, Ümumdünya Karate Federasiyası koronavirus pandemiyası üzündən baş tutmayan Rabatdakı Karate1 Premyer Liqa və Bakıdakı Avropa çempionatının əvəzinə digər turnirlərin lisenziya xalı verməsini məqsədəuyğun sayıb. Bu dəyişikliklərdən sonra artıq Azərbaycan karateçiləri Rafael Ağayevlə (75 kq) İrina Zaretskayanın (+75) Olimpiadaya lisenziyaları təmin etməsi ləğv oluna bilər.