16:27 21-05-2020
news_image
227
FUTBOL

“... Fernan Lopesin qayıtması mümkün deyil” – klub prezidenti

“Fernan Lopeslə mütəmadi əlaqə saxlayırıq. Artıq o da gündəlik ev məşqlərindən sonra parklarda hazırlıqlara başlayıb”.

Bunu apasport.az saytına “Qəbələ”nin prezidenti Fariz Nəcəfov ispaniyalı futbolçu Fernan Lopesin son durumu ilə bağlı danışarkən deyib.

Klub rəhbəri koronavirus pandemiyası səbəbindən bir aydan çoxdur İspaniyada ailəsinin yanında olan yarımmüdafiəçinin vəziyyətini izlədiklərini söyləyib. Nəcəfov 25 yaşlı orta sahə oyunçusunun hazırda Azərbaycana qayıtmasının mümkünsüz olduğunu bildirib: “Fernanın olduğu ərazidə də karantin rejimi yumşaldılıb. Onun Azərbaycana gəlişi ilə bağlı klub olaraq hansısa bir iş görə bilmərik. Hər şeydən öncə çempionatla bağlı qərar yoxdur. Digər tərəfdən sərhədlər açılmamış Fernanın geri qayıtması mümkün deyil. Onunla bağlı sadəcə, vəziyyətə uyğun hərəkət edəcəyik”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası koronavirus pandemiyası səbəbindən martın 13-də - XX turdan sonra dayandırılıb.