10:44 22-05-2020
news_image
130
FUTBOL

“Heyətdə ciddi dəyişiklik istəmirəm” – Ayxan Abbasov

“Aleksey İsayevin adının digər klublarla birgə hallanması normaldır. Hər bir futbolçuya başqa klubdan təklif gələ bilər”.

Bunu apasport.az saytına “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov yarımmüdafiəçi Aleksey İsayevə ölkə daxilindən və xaricindən gələn təklifləri dəyərləndirərkən deyib.

39 yaşlı mütəxəssis müqavilə müddəti başa çatan futbolçularla danışıq aparmağa tələsmədiklərini söyləyib. O, mövsümlərarası fasilədə heyətdə ciddi dəyişiklik olmayacağını vurğulayıb: “Hazırda nə transfer, nə də yeni müqavilə barədə düşünmək vaxtıdır. Hamı çempionatla bağlı yekun qərarı gözləyir. Premyer Liqa davam etdirilməsə, o zaman bu məsələyə baxmaq olar. Əksər futbolçuların müqaviləsi mayın sonunda başa çatır. Onlarla hələ söhbət olmayıb. Bilirsiniz, heyətdə köklü dəyişiklik etmək məşqçinin işini çətinləşdirir. Şəxsən mən hazırkı kollektivin qorunub-saxlanılmasını, ciddi dəyişiklik olmamasını istəyirəm. Amma indidən nəsə demək mümkün deyil. Bunun cavabı üçün vaxt lazımdır”. 

Abbasov heyətlə və yeni transferlərlə bağlı qərar zamanı Avropa Liqasına vəsiqə qazanıb-qazanmamalarının böyük rol oynayacağını gizlətməyib: “Biz hələ bilmirik ki, gələn mövsüm yalnız Premyer Liqada iştirak edəcəyik, yoxsa avrokuboklara da qatılacağıq. Bu mənada yekun qərarı gözləmək daha məqsədəuyğundur”.