14:44 22-05-2020
news_image
207
FUTBOL

Ruslan Qurbanov: “Kökəlmək istəyirəm, alınmır” - MÜSAHİBƏ

“Keşlə” klubunun futbolçusu Ruslan Qurbanovun apasport.az saytına müsahibəsi

- İki aydan çoxdur evdə məşq etməklə kifayətlənirsiniz. Hazırkı durum sizi narahat etmir?
- Yalnız videozəng vasitəsilə əlaqə saxlayır, məşqlərimizi edirik. Əlbəttə ki, tezliklə meydanda məşq etməyimizə icazə verilməsini istəyirik. Ancaq hər şeydən önəmlisi insanların sağlamlığıdır. Bu virusun tezliklə yox olmasını və ona yoluxanların tam sağalmasını arzulayıram.

- Razısınızmı ki, mövsümün bərpa olunmaq ehtimalı getdikcə azalır?
- Bəli, razıyam. Hər dəfə ümid edirik ki, məşqlər bərpa olunacaq. İndi mayın 31-də hökumətin bu icazəni verməsini gözləyirik. Əgər sona qədər oynamaq imkanımız olsa, bunu edəcəyik. UEFA-nın da verəcəyi qərarı gözləyirik.

- Hazırkı duruma əsasən sizcə, mövsümü bərpa etmək mümkün görünür?
- Düşünürəm ki, mövsümü meydanda başa vura biləcəyik. Şəxsən mən özüm də oynamaq istəyirəm. Amma təəssüf ki, bunlar bizdən asılı deyil.

- Mövsümün erkən başa çatdırılması turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandaların narazılığına səbəb olmaz?
- Ona görə oynamağımızı istəyirəm ki, hər şey ədalətli olsun, heç bir söz-söhbət yaranmasın.

- İki aydan çoxdur futbolsuz qalmısınız. Çəkiniz artmayıb?
- Çəki ilə bağlı heç vaxt problem yaşamamışam. Əksinə, daha 5 kq kökəlmək istəyirəm. Amma alınmır. Məndə çəki çatışmazlığı var. Hətta bir il də futbol oynamasam, çəkim artmaz.

- Ölkədə koronavirusa yoluxanların sayı bir qədər də artıb. Şəhərə çıxmaqdan qorxmursunuz?
- Həyat yoldaşım və övladımla birlikdə gəzintiyə çıxanda insanların olmadığı yerə gedirik. Ancaq ümumilikdə ehtiyac yaranmadıqda evdən çıxmırıq. Yalnız nəsə almaq lazım olanda gedirəm. Günümü daha çox evdə keçirirəm, kitablar oxuyuram.

- Doğulduğunuz Dağıstanda vəziyyət ürəkaçan görünmür. Oradakılarla əlaqə saxlayırsınızmı?
- Bəli, Dağıstanda koronavirusla bağlı vəziyyət çox pisdir. Ailəm Stavropoldadır, ancaq Dağıstanda qohumlarım yaşayır. Valideynlərim hər gün qohumlarımla əlaqə saxlayır, vəziyyətlərini soruşur. Sevindirici haldır ki, onlardan heç biri koronavirusa yoluxmayıb. Ümid edirəm ki, tezliklə bu virus məhv olacaq və hər kəs sağlam həyatına dönəcək. Amma hazırda Dağıstanda durum pisdir.

Ruslan Sadıqov