11:13 23-05-2020
news_image
84
FUTBOL

“Dinamo”da daha iki şəxsdə koronavirus aşkarlandı

Almaniyanın “Dinamo” klubunda daha iki koronavirusa yoluxma faktı aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, mayın 9-da iki futbolçusunun testi müsbət nəticələndiyi üçün karantinə alınan Drezden təmsilçisinin daha bir oyunçusu və bir əməkdaşı eyni halla üzləşib.

Bu iki şəxs də karantinə alınıb. Öncədən bu zəruri dövrü keçən 2-ci Bundesliqa təmsilçisi isə bu gün məşqlərə start verəcək.

Ötən həftəsonu bərpa olunan çempionatda ilk matçına karantin səbəbindən çıxmayan “Dinamo” bu həftəni də boşa verəcək. Drezdenlilər bərpadan sonra ilk görüşünü mayın 31-də “Ştutqart”a qarşı keçirməlidir. İki turu buraxması autsayderi çətin duruma salacaq. Komanda sonradan 18 gündə 7 matç keçirmək məcburiyyətində qalacaq.

Qeyd edək ki, 2-ci Bundesliqanın turnir cədvəlində 18-ci olan “Dinamo” 25 matçda 24 xal toplayıb.