15:22 25-05-2020
news_image
1070
FUTBOL

Lixtenşteynə məğlubiyyətdən sonra Vaqif Sadıqova nə dediyini açıqladı - hücumçumuz

“Mən oynayan vaxt milli tez-tez toplanırdı. Amma məni yoxlama oyunlarına buraxmırdılar. Yalnız rəsmi matçlara gedirdim”. 

Apasport.az saytının məlumatına görə, bunu Rusiya mətbuatına müsahibəsində Azərbaycan millisinin sabiq futbolçusu Vəli Qasımov deyib.

Yığmada keçirdiyi 14 oyunda qol vurmayan hücumçunun bunun səbəblərini açıqlayıb, həmçinin AFFA-nın ilk prezidenti Fuad Musayevlə arasındakı anlaşılmazlıqdan bəhs edib: “Əlbəttə, çox maraqlıdır ki, bir qol da vurmamışam. Hətta niyə belə olduğunu bilmirəm. Yəqin ki, işimin çox olması ilə bağlıdır. Geri çəkilməli, oyun qurmalı olduğumdan irəlidə az vaxt keçirirdim. Çoxlarından təcrübəli olduğum üçün mərkəzdə daha çox kömək edirdim. Federasiyada həqiqətən də pul yox idi. Hər şeydə qənaət edirdilər. Əksər hallarda yol xərcimi özüm çəkirdim. Problem tək məndə deyil, hamıda idi. Bizə 100 dollar mükafat verirdilər. İspaniyada oynayanda bu məbləğ yalnız yola və hava limanında qəhvə içməyə kifayət edirdi. Əlbəttə, federasiyanı başa düşmək olardı, amma yenə də üzücü idi. AFFA-nın prezidenti ilə müəyyən narazılıqlarımız oldu. Məni Lixtenşteynlə oyuna çağırdılar, ehtiyatda saxladılar və komanda uduzdu. Bunu özümə qarşı ədalətsizlik saydım və federasiya prezidenti ilə danışmaq istədim. O, mənimlə görüşə lüzum görmədi. Məşqçiyə dedim ki, “Portuqaliyadan ehtiyatda oturmağa çağırırsız. Belədirsə sadəcə çağırmayın”. Bir daha yığmaya çağırmadılar. Düzünü deyim ki, Rusiya yığmasında da oynamaq istəyirdim. İdmanda həmişə ən yaxşılarda oynamağa çalışırsan. Amma Azərbaycanda anadan olmuşam. Ona görə doğma komandanı seçdim”.

Qeyd edək ki, yığmamız AVRO-2000-in seçmə oyununda Vadutsa Lixtenşteynə uduzub. 1:2 hesablı biabırçı məğlubiyyət zamanı millinin baş məşqçisi Vaqif Sadıqov olub. Həmin görüş “cırtdanlar”ın tarixinə ilk qələbə kimi düşüb.