13:19 29-05-2020
news_image
1222
FUTBOL

Seneqal “11-liy”i – Azərbaycan çempionatında

Azərbaycan çempionatları tarixinə səyahət edən “Apasport” Qanadan Seneqala üz tutub. Dünya səviyyəli bir sıra ulduzlar yetişdirən ölkə Premyer Liqada da təmsil olunub. İndiyədək çempionatımızda bu ölkənin 11 futbolçusu forma geyinib. Onlardan ikisi indi də ən yaxşı klublarımızın sıralarındadır.

Ən yaxşı
Azərbaycanda ilk seneqallı futbolçular 2004-cü ildə peyda olub. Onlardan biri Xalidu Sissoko Premyer Liqa tarixinin ən yaxşı afrikalılarından biri saymaq da mümkündür. Seneqal yığması ilə DÇ-2002-nin final mərhələsi həyəcanı yaşamış qolkiper qısa müddətdə “Bakı”nın “1 nömrə”sinə çevrildi. 8 il ölkəmizdə çıxış edən Sissoko 2 çempionluq, 1 gümüş, 1 bürünc medal, həmçinin 3 kuboka sahib olub. Mövsümün ən yaxşı qolkiperi adına da yiyələnən afrikalı imza atdığı quru seriya ilə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) siyahısına da düşüb.

Rekordçu
Karyerasının qürub çağlarında da “Bakı”da qalan Sissoko əsas heyətdəki yerini itirdiyindən meydana çıxdığı 7 mövsümdə 100 oyun səddinə çata bilməyib. Bu üzdən də ən çox matça çıxan seneqallı ünvanı ona məxsus deyil. “Qəbələ”də 4 mövsüm keçirən Viktor Mendi həm oyun, həm qol sayında ölkəsindən olan futbolçuları arxada qoyub. Lakin Xalidudan fərqli olaraq, o, titula həsrət qalıb. Forvardın aktivində 2 bürünc medal və kubokun finalçısı adı var.

Bəxtsiz
Azərbaycanda birdən artıq klubda oynamış iki seneqallıdan biri İbrahim Niassedir. “Qəbələ” və “Keşlə” kimi iddialı klublarda oynamasına baxmayaraq, futbolçunun böyük uğur baxımından bəxti gətirməyib. Hər iki komandayla qazancı bürünc medal olan legioner üç dəfə bu əyarla kifayətlənib. Azərbaycan kubokunun finalında da məğlubiyyət acısı yaşayan bəxtsiz futbolçu cari mövsümün gedişində yenidən “Qəbələ”yə qayıtsa da, dönüşü qısamüddətli olub.

Axına düşənlər və bir atımlıq barıt
2004-cü ildə çempionatımıza başlayan legioner axınında Sissoko yeganə seneqallı olmayıb. Həmin vaxt Pape Samba Ba və Eskot Essanq “Şəmkir”ə, Sidi Diop “Turan”a qoşulub. Sonuncu klubunda ekzotika xarakteri daşıyıbsa, digərləri ilk vaxtlar özlərindən söz etdirib. Eskot debüt matçında het-trikə imza ataraq Azərbaycanda bunu bacaran ilk afrikalı kimi tarixə düşüb. Amma onun bir atımlıq barıtı ilə həmin matçla bitib. Samba Ba isə yaxşı oyunu ilə daha iddialı “Karvan”ın maraq dairəsinə düşüb və iki klubda oynayan ilk seneqallı olub. Amma bundan artığına nail olmayıb.

Keyfiyyətsiz transferlər
Ölkəmizə gələn 3-4-cü, bəlkə də daha aşağı kateqoriyalı seneqallı legionerlər təkcə 2004-cü ildə olmayıb. Sonradan da keyfiyyətsiz transferlər siyahısında bu ölkə təmsilçiləri yer alıb. Düzdür, 2007-08-ci illərdə Premyer Liqada 3 qol vurmağa da nail olan Eli Sisse lap bərbad oyunçu olmayıb. Amma ümidləri tam doğrultmadığı üçün “Bakı”da uzun müddət duruş gətirməyib. “Qəbələ” və Dabo dedikdə, ağla gələn bombardir keyfiyyətlərinə malik Baqali olsa da, hələ 2013-cü ildə onun həmsoyadı da bu klubda çıxış edib. Lakin Mustafa Dabo vurduğu bir qoldan başqa demək olar ki, yadda qalası bir şey edə bilməyib. Mansur Aladji Ba isə “Kəpəz”in sayəsində turist kimi Azərbaycanı ziyarət edib.

Sonuncu tapıntılar
Yazının əvvəlində seneqallıların ikisinin indi də Premyer Liqada oynadığını vurğulamışdıq. Bunlar Mamadu Mbodj və Maqaye Geyedir. Hələ ötən il “Neftçi”yə qoşulan Mbodj müdafiəçi olsa da, vacib qollara imza atması ilə diqqət çəkib. Ardıcıl ikinci mövsüm gümüş medal qazanmağa yaxın olan futbolçunun heyətdə yerini itirdiyini də söyləmək olar. Maqaye isə Seneqalla yanaşı Fransa vətəndaşlığına da malikdir. Hər iki ölkənin yığmalarında da oynamış hücumçu yayda “Qarabağ”a qoşulub. Nəinki çempionluq, həm də “Qızıl dubl” şansını qoruyan forvardın ümidləri tam doğrultduğunu demək çətindir. Çox vaxt tənqidlərə məruz qalan legioner buna rəğmən qollarını da sıralayır.

1

Viktor Mendi

112

29

2

Xalidu Sissoko

92

-55

3

İbrahima Niasse

80

7

4

Mamadu Mbodj

22

6

5

Maqaye Geye

18

5

6

Eskot Essanq

17

3

7

Pape Samba Ba

15

3

8

Eli Sisse

9

3

9

Mustafa Dabo

7

1

10-11

Mansur Aladji Ba

3

0

 

Sidi Diop

3

0